Mixail Mişustin: “Azərbaycan Mədəniyyət Nazirliyi ilə əməkdaşlığın genişləndirilməsi üzrə razılıq əldə etdik”

 

İkitərəfli qarşılıqlı fəaliyyət nəzərdə tutduğumuz qaydada inkişaf edir. Artıq iki ildən bir az çoxdur ki, biz müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində əməkdaşlıq edirik, əlaqələrin möhkəmləndirilməsi üzrə qarşıya qoyulmuş bütün vəzifələr uğurla yerinə yetirilir.

Prezident İlham Əliyev bu fikri martın 6-da Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşü zamanı söyləyib.

Bir gün öncə (5 mart) RF Hökuməti sədrinin azərbaycanlı həmkarı ilə məhsuldar görüşü  barədə məlumatı olduğunu qeyd edən İlham Əliyev bildirib ki, 2023-cü ili iki ölkə arasında münasibətlər baxımından uğurla başa vurmuşuq.

Prezident çıxışında aşağıdakı məqamları vurğulayıb.

İqtisadi-ticari sahədə nəticələr tamamilə qənaətbəxşdir, 17 faizlik artım var. Zənnimcə, yaxşı göstəricidir. Artıq 4,5 milyard dollar səviyyəsinə yaxınlaşırıq. Amma təbii ki, bu, son hədd deyil.

Sənaye kooperasiyası layihələri əməkdaşlığımızın nisbətən yeni sahəsidir. Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradırlar.

Kənd təsərrüfatı üzrə bir-birimizi tamamlayırıq. Bizə lazım olanı sizdən əldə edirik və bu, əks istiqamətdə də həyata keçirilir. Razılaşdığımız kimi, Rusiya bazarına Azərbaycan kənd təsərrüfatı məhsullarının tədarükünün böyük həcmdə artması uğurla davam edir.

Nəqliyyat-logistika sahəsi ilə bağlı müvafiq sənədlər imzalanıb. Burada həm tranzit daşımalarının, həm də ikitərəfli yük daşımalarının artdığını görürük. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ölkələrimizi birləşdirən layihədir. Azərbaycan ərazisində, eləcə də Rusiya ərazisində infrastruktur mövcuddur, yeganə lazım olan planlaşdırıldığından artıq yük həcmini nəql etmək üçün onun modernləşdirilməsidir.

Əlbəttə ki, humanitar sahə. Burada, zənnimcə, Rusiya ilə Azərbaycan arasında münasibətlər iki qonşu dost dövlətlərin münasibətləri üçün nümunə ola bilər.

Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. Həmçinin 324 orta məktəbdə təhsil rus dilindədir. Biz onilliklər ərzində xalqlarımızı birləşdirən bütün yaxşı cəhətləri qorumuşuq və qarşılıqlı fəaliyyət göstərdiyimiz ictimai-siyasi formasiyadan asılı olmayaraq, xalqlarımız arasında dostluq əlaqələri həmişə dövlətlərarası münasibətlərin bünövrəsi olub. Bu gün isə dövlətlərarası münasibətlərin forma və məzmun etibarilə keyfiyyətcə yeni səviyyəyə yüksəldiyi bir vaxtda, təbii ki, bu, həmçinin ölkələrimizdə ictimaiyyət tərəfindən də dəstəklənir.

Mixail Mişustin çıxışının əvvəlində İlham Əliyevi fevralın 7-də keçirilən prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edib, dövlətimizin başçısına Rusiya Prezidenti Vladimir Putinin səmimi və xoş arzularını çatdırıb.

“Dövlətlərimizin rəhbərləri arasında qəbul olunan qərarların hamısı daimi nəzarətdədir, hökumətlərimiz tərəfindən icra olunur” deyən Mixail Mişustin həmkarı Əli Əsədovla geniş ikitərəfli gündəliyi müzakirə etdiklərini diqqətə çatdırıb. RF Hökumətinin başçısı da sənayedən mədəniyyətədək əməkdaşlığın bir sıra istiqamətləri ilə bağlı fikirlərini bölüşüb.

Mədəni mübadilədən bəhs edən Mixail Mişustin deyib: “Bu sahədə qarşılıqlı fəaliyyətlə bağlı məsələlər üzrə çoxlu layihələr və ideyalar var. Bu gün Rus Dram Teatrında oldum, orada mədəniyyət sahəsində qarşılıqlı fəaliyyətdən bəhs etdilər. Biz əlaqələrimizin, o cümlədən Azərbaycan Mədəniyyət Nazirliyi ilə əməkdaşlığın genişləndirilməsi üzrə razılıq əldə etdik. Çoxlu sayda tədbirlərin keçirilməsi üzrə Yol xəritəsi üzərində işləyirik. Əlbəttə, Azərbaycanın hörmətli mədəniyyət və incəsənət xadimlərini Rusiyada, Moskvada görməyə şad olacağıq...”.

Dövlətimizin başçısı Rusiya Prezidentinin səmimi və xoş arzularına görə minnətdarlığını bildirib, onun da xoş arzularını Vladimir Putinə çatdırmağı xahiş edib.

***

Xatırladaq ki, martın 5-də Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşlər olub.

Görüşün yekunlarına dair iki ölkə arasında mədəniyyət, turizm sahələrində, eləcə də Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair əməkdaşlığın gücləndirilməsi üzrə sənədlər imzalanıb.