Özünü sənətdə sevənlərin “Akkompaniator”u
Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) fəaliyyət göstərən laboratoriyaların “Baxış – 4” festivalının (4–7 mart) üçüncü tamaşası teatr aləminə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının iki aktyorunu fərqli cəhətdən tanıtdı.
Rejissorluq təhsili alsa da, daha çox aktrisa kimi tanıdığımız Xəyalə Meydanova fransız müəllif Marsel Mituanın “Akkompaniator” pyesini tamaşaya qoyub. Pyesi Azərbaycan dilinə Ayla Osamanova çevirib. Monotamaşada GTT-nin aktyoru Ramil Məmmədov çıxış edir. Səsini, vücudunu, üz cizgilərini məharətlə idarə edən gənc aktyor, əslində, bir tamaşada iki rolda çıxış edir.
Qəza üzündən solo ifaçılıqdan uzaqlaşıb akkompaniator, yəni müşayiətçi kimi çalışmağa məcbur qalan Kişi konsertə gecikən Müğənni ilə bağlı qəribə əhvalat uydurur ki, tamaşaçılar salonu tərk etməsin. Peşəsinin kölgədə qalmasından inciyən Akkompaniator hər məqamda onu üstələyən, tamaşaçıların alqışlarını təkbaşına mənimsəyən müğənnini boğub öldürdüyünü deyir. Həm də öz fikrini elə əsaslandırır ki, adamın səhnə arxasında faciə baş verdiyinə inanmağı gəlir. Sonradan məlum olur ki, Müğənni, sadəcə, tıxaca düşdüyü üçün konsertə gecikir. İstedadından daha çox şayiə və hoqqalarla gündəmdə qalmaq istəyən şou-biznes təmsilçilərindən, ucuz şöhrət axtaranlardan eşitdiyimiz əhvalatlar adamın yadına düşür. Axır ki, özünü konsertə çatdıran Müğənni (Ramil Məmmədov) səhnədə elə bir performans sərgiləyir ki, gördüklərinin fransız müəllifin qələmindən çıxdığını, yaxud rejissor xanımla musiqi tərtibatçısı Aygül İbrahimovanın fantaziyası olduğunu, yoxsa aktyorun improvizəsi olduğunu kəsdirə bilmirsən.
Əsərin əsas qayəsini isə – səhnə adamının göz yaşı içində gülüş ömrü yaşadığını anlayırsan. Üstəlik, bu ömrü yaşamağı seçənlər sənəti özündə yaşatmaq istəyənlər yox, özünü sənətdə yaşatmaq istəyənlərdir.
Martın 7-də “Baxış – 4”də sonuncu səhnə əsəri – Stanislav Stratiyevin eyniadlı pyesi əsasında “Avtobus” tamaşası oynanıldı. Əsəri tərcümə edən və quruluş verən Məhəmməd Verdizadədir.
Festivala 10 mart – Milli Teatr Günündə yekun vurulacaq.
Gülcahan