Martın 27-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Morgenland” Odlar Yurdu ilə görüşür” (“Morgenland Meets The Land of Fire”) adlı Azərbaycan və Almaniya gənc musiqiçilərinin birgə layihəsi təqdim olunacaq.
Layihə 20 ildir Almaniyanın Osnabrük şəhərində təşkil edilən “Morgenland” festivalı çərçivəsində keçiriləcək. Qeyd edək ki, Yaxın Şərq mədəniyyətinə həsr olunan festivalın əsas aksiyalarından biri 14-20 yaş arası gənc musiqiçilər üçün nəzərdə tutulmuş “Morgenland akademiyası”dır. Professional musiqiçilərin rəhbərliyi altında birhəftəlik musiqi düşərgəsi çərçivəsində iştirakçılar Avropa musiqi ənənələrindən fərqlənən, muğama əsaslanan Qafqaz və Orta Asiya musiqisi ilə tanış olurlar. “Morgenland akademiyası” məzunlarından ibarət “Morgenland gəncləri” ansamblı mütəmadi olaraq layihə və konsertlər təşkil edir.
“Morgenland” Odlar Yurdu ilə görüşür” layihəsinin rəhbəri Xalq artisti Salman Qəmbərov bildirib ki, artıq 2009-cu ildən bu festivalda iştirak edir və hər il festival çərçivəsində gənclər üçün ustad dərsləri təşkil olunur. Bu il festivalın təşkilat komitəsi belə bir layihəni ona həvalə edib. Hazırda Azərbaycan və alman musiqiçiləri ayrı-ayrılıqda məşq edirlər. Sonra Almaniyadan olan musiqiçilər Bakıda birlikdə məşq edəcək və birgə konsert keçiriləcək.
S.Qəmbərov onu da diqqətə çatdırıb ki, “Morgenland” layihəsində indiyədək ölkəmizdən Xalq artistləri – bəstəkar Firəngiz Əlizadə, muğam ustası Alim Qasımov da iştirak ediblər.
L.Azəri