Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev Azərbaycanda dövlət qadın siyasətinin banisidir” adlı tədbir keçirilib.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirdə Azərbaycan qadınının bu gün ölkəmizin ictimai-siyasi, iqtisadi həyatının fəal iştirakçısı olduğu bildirilib, tariximizin və mədəniyyətimizin inkişafında qadınların rolundan danışılıb. Sonra Yasamal rayon 286 nömrəli tam orta məktəbin şagirdləri şeirlər səsləndiriblər.

Sonda Beynəlxalq Qadınlar Gününə həsr olunan videoçarx nümayiş olunub.

***

Baş idarənin tabeliyində fəaliyyət göstərən Aşıq Rza Qobustanlı adına Mədəniyyət evində qadınların bayramı münasibətilə dəyirmi masa keçirilib.

Çıxış edənlər xanımları bayram münasibətilə təbrik edərək qadınların çalışdıqları hər sahədə uğur qazanmaları üçün ölkəmizdə münbit şəraitin yaradıldığını bildiriblər. Həmçinin qeyd edilib ki, dövlətimiz tərəfindən qadınlara xüsusi diqqət və qayğı göstərilir, onların əməyi yüksək qiymətləndirilir.

Sonda mövzu ilə əlaqədar hazırlanmış videoçarx təqdim edilib.