“Azərbaycan, Türk və İslam dünyasının mədəniyyət paytaxtı”

 

Martın 8-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində “Şuşa şəhəri – Azərbaycan, Türk və İslam dünyasının mədəniyyət paytaxtı” adlı fotosərginin açılışı olub.

Azərbaycanın Bolqarıstandakı Səfirliyindən bildirilib ki, şəhərin mərkəzi rəsm qalereyasında təşkil olunan sərgidə Şuşa şəhərinin əsrarəngiz təbiəti, qədim tarixi və mədəniyyət inciləri tərənnüm edilir.

Ölkəmizin Bolqarıstandakı səfirliyi və Bakı Media Mərkəzinin dəstəyi ilə təşkil olunan fotosərginin rəsmi açılışında çıxış edən səfir Hüseyn Hüseynov mədəniyyətimizin beşiyi sayılan Şuşanın xalqımızın həyatında əvəzsiz yerə malik olduğunu vurğulayıb. Şuşanın zəngin tarixi barədə məlumat verən diplomat uzun illər Ermənistanın işğalı altında ciddi dağıntılara məruz qalmış şəhərin 2020-ci ildə azad edildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin bilavasitə nəzarəti altında Şuşanın dirçəldilməsi üçün böyük işlərin görüldüyü və onun yenidən Qafqazın parlaq mirvarisinə çevrildiyi vurğulanıb.

İştirakçıların böyük marağına səbəb olan sərginin açılışında Bolqarıstanın yüksəkvəzifəli rəsmiləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və media nümayəndələri iştirak ediblər.