Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan xalqının Qərbi Azərbaycanda yaratdığı mədəni irs və abidələr” adlı tədbir və “Nəsil ağacı” sənədli filminin təqdimatı keçirilib.
Tədbirdən əvvəl mərkəzin foyesində “Azərbaycan xalqının Qərbi Azərbaycanda yaratdığı mədəni irs və abidələr” adlı fotosərgiyə baxış olub. Fotoşəkillərdə Qərbi Azərbaycan ərazisindəki tarixi, dini abidələrimiz, İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz və digər mahallarda xalqımız tərəfindən yaradılan mədəni irs nümunələri öz əksini tapıb.
Mərkəzin direktoru Samir Abbasov Azərbaycan xalqının əzəli torpaqları olan Qərbi Azərbaycan ərazilərində min illərlə yaratdığı böyük mədəniyyət və mədəni irs nümunələrinin olduğunu qeyd edib. Vurğulayıb ki, ermənilər böyük güclərin dəstəyi ilə bir əsrdə dörd dəfə Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızı deportasiya edib: “Onların öz yurdlarından qovulması tarixi ədalətsizlikdir. Qərbi azərbaycanlılar dəfələrlə ağrı və acılarla müşayiət olunan deportasiyaya məruz qalıblar. Xalqımızın hüquqları bərpa edilməli və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Biz bu hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və bütün beynəlxalq konvensiyalar bu hüququ tanıyır”.
Özbəkistanda Qərbi Azərbaycandan olan icma nümayəndələri azərbaycanlıların doğulduqları ata-baba yurdlarına qayıtmalarının onların hüquqları olduğunu deyərək, min illərlə bu ərazilərdə yaşayaraq böyük bir mədəni irs yaratdıqlarını söyləyiblər. Onlar tarixən bu ərazilərdə erməni millətçilərinin azərbaycanlılara məxsus abidələri dağıtmağa və izlərini itirməyə çalışsalar da, buna nail ola bilmədiklərini qeyd edərək doğma torpaqlarına qayıdacaqlarına inandıqlarını diqqətə çatdırıblar.
Çıxışlardan sonra Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı mövzusuna həsr olunmuş və “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin ərsəyə gətirdiyi “Nəsil ağacı” sənədli filmi nümayiş etdirilib. Qədim tarixi, etnoqrafiyası, mətbəxi, tanınmış şəxsiyyətləri və insan taleləri üzərində qurulan ekran əsərində deportasiyaya məruz qalan azərbaycanlı əhalinin çətin və faciəli həyatı öz əksini tapıb.
Ekran əsəri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Vətənimizə qayıtmaq istəyirik” adlı sənədli film layihəsi çərçivəsində hazırlanıb. Filmin ssenari müəllifi Ayaz Mirzəyev, prodüseri Elnur Niftəliyevdir.
Qeyd edək ki, “Nəsil ağacı” sənədli filminin Özbəkistandakı nümayişi çərçivəsində sənədli filmin yaradıcı heyəti ilə Özbəkistan Jurnalistlər Birliyində və Özbəkistan Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasında görüş keçirilib.