Ölkəmizdə səfərdə olan Moskva İslam İnstitutunun rektoru, Rusiya Müsəlmanları Ruhani Məclisi müftisinin birinci müavini, Sankt-Peterburq Dövlət Universiteti nəzdində İslam Araşdırmalar Mərkəzinin rəhbəri professor Dəmir Muxetdinovun rəhbərlik etdiyi nümayəndə heyəti Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.
Muzeydən bildirilib ki, Dəmir Muxetdinov muzeyin direktoru akademik Rafael Hüseynovla görüşüb. Görüşdə Rusiya Müsəlmanları Ruhani Məclisi müftisinin elm üzrə müavini Renat İslyamov, Moskva İslam İnstitutunun elmi işlər üzrə prorektoru Renat İslamov və “MDB-də İslam” informasiya resursunun baş redaktoru, Azərbaycan İlahiyyat İnstitutunun fəxri doktoru Səfa Kərimov iştirak ediblər.
Görüş zamanı Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Moskva İslam İnstitutu arasında elmi əməkdaşlıq haqqında saziş imzalanıb.
Sənədə əsasən, “Mədinə” nəşriyyat evinin “İslam minarəsi” jurnalının bir neçə nömrəsi Azərbaycan klassiklərinə həsr ediləcək. Elmi layihədə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Moskva İslam İnstitutunun, Sankt-Peterburq Dövlət Universitetinin İslam Araşdırmalar Mərkəzi əməkdaşlarının iştirakı nəzərdə tutulub.
Azərbaycan və Rusiya akademik dairələri tərəfindən dəstəklənən layihə iki ölkə arasında elmi və mədəni əlaqələrin inkişafı üçün mühüm töhfədir.
Qeyd edək ki, “İslam minarəsi” beynəlxalq jurnalı Rusiyada şərqşünaslıq sahəsində ən nüfuzlu elmi nəşrlərdən hesab olunur və 2009-cu ildən etibarən rus, ingilis və ərəb dillərində işıq üzü görür.