Bu gün Novruzun müjdəçiləri olan dörd çərşənbədən üçüncüsü – Yel çərşənbəsidir. Od və Su çərşənbələrindən sonra gələn Yel çərşənbəsi xalq arasında “külək oyadan çərşənbə”, “küləkli çərşənbə” kimi də tanınır. Od və su ilə birlikdə yel də mənəvi-ruhi başlanğıc hesab edilir.
Əski inanclara görə, bu çərşənbədə yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.
Şifahi xalq yaradıcılığında Yel tanrısı ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunan “Yel baba” mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.
Yel xalqımızın mifik təfəkküründə yol göstərən, bələdçi rolunu da yerinə yetirir. Yel baba qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir. Yel babanın üfürməsi ilə yumaq açılır və azmışları mənzil başına çatdırır. Bu mifik təsəvvür sonralar Fatma nənənin yumağı şəklində nağıllara keçib. Ulularımız deyirlər ki, “Yel əsdirəni söyməzlər”. Çünki onun arxasında Tanrı durur.
İllərin sınağından çıxıb günümüzə qədər gəlib çatan “Yel əsib qoz tökülüb”, “Kələklə gələn, küləklə gedər”, “Yel apardığını qaytarmaz”, “Yel bağlayanı el açar”, “Külək kimi hərdən bir yana əsmə” kimi deyimlərdə yelin (havanın) mahiyyəti müxtəlif yönlərdən ifadə olunur.
Yel çərşənbəsi ölkəmizin bir çox bölgələrində fərqli adət-ənənələrlə qeyd olunur. Yel çərşənbəsindən başlayaraq axır çərşənbə üçün hazırlıq görülür. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat tədarükü görürlər. Çünki Novruza yalnız bir çərşənbə qalıb. Martın 19-da axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq.