Görkəmli rəssam, səriştəli pedaqoq Tofiq Ağababayevin Azərbaycan təsviri sənəti üçün xidmətləri əvəzsizdir. Dekorativ-tətbiqi sənət, qrafika, rəngkarlıq sahələrində bir-birindən maraqlı əsərlər ərsəyə gətirən rəssamın yaradıcılıq irsi təsviri sənətimizin parlaq səhifələrindəndir.
Tofiq Ağababayev 1928-ci ildə Bakıda hərbçi ailəsində dünyaya göz açıb. Sənətə marağı onu Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirir. Burada rəngkarlığın sirlərini öyrəndikdən sonra təhsilini Sankt-Peterburq Rəssamlıq Akademiyasının (keçmiş V.Muxina adına Ali Bədii-Sənaye Rəssamlıq Məktəbi) Keramika-şüşə fakültəsində davam etdirir. Vətənə qayıtdıqdan sonra gərgin yaradıcılığa başlayan rəssam həm də respublikanın ictimai və mədəni həyatında aktiv rol oynayıb. O, 1966-68-ci illərdə Bakının ilk baş rəssamı vəzifəsində çalışıb, şəhərin estetik görünüşünə töhfə olan bir sıra yeniliklərin müəllifi olub. “28 May” metro stansiyası qarşısında ucaldılan Cəfər Cabbarlının əzəmətli heykəli üçün yerin seçilməsi onun təşəbbüsüdür. Bakının simvolik açarının hazırlanması, Bakı Sovetinin binasının üzərindəki gerbin yenidən işlənilməsi də istedadlı rəssamın adı ilə bağlıdır.
Rəssamın yaradıcılığında dekorativ-tətbiqi sənət nümunələri mühüm yer tutur. Bakı Dövlət Sirkindəki “Azərbaycan sirki” mozaik lövhəsi, Dövlət Statistika Komitəsinin, Memarlıq və İnşaat Universitetinin idman salonunda mozaik işləri, “Azərbaycan lirikası” triptixi onun keramik işləri sırasında xüsusilə fərqlənir.
Tofiq Ağababayev vətəninə, doğulduğu torpağa bağlı insandır. Bu sevgi, bağlılıq onun istər rəngkarlıq, istərsə də qrafika sahəsində yaradıcılığında da özünü aydın büruzə verir. Əsərlərində doğma Abşeron təbiətinin gözəlliyini, bənzərsizliyini, əhalinin məşğuliyyətini canlandırıb. Mənzərə “Bakı bağları”, “Bostan”, “Əncir yığımı” qrafik tabloları bunun bariz nümunəsidir. Mavi Xəzər, qızmar günəş, barlı-bağatlı Abşeron bağları rəssamın yaradıcılığının müxtəlif mərhələlərində müraciət etdiyi sevimli mövzularındandır.
Rəssam sənaye mənzərələrini də xüsusi sevgi və peşəkarlıqla işləyib. Məlumdur ki, İkinci Dünya müharibəsi zamanı faşizm üzərində qələbə çalınmasında Bakı neftinin müstəsna rolu olub. Rəssam “41–45 müharibə illərində Bakı neftinin dənizə daşınması” əsərində bunu bacarıqla təsvir edib. Neft mövzusunda bir çox rəssamların əsərləri var. Onların hər biri öz baxış prizmasından mövzuya yanaşaraq dəst-xətti, üslubuna nəzərən əsərlər ərsəyə gətirib. Tofiq Ağababayev də bir neçə dəfə bu mövzuya müraciət edib. Rəssamın yuxarıda adı çəkilən əsərində Xəzərin mavi sularının ağuşunda daşınan neft çənlərinin düzülüşü, demək olar ki, kompozisiyanın istiqamətini müəyyənləşdirir. Maraqlı kompozisiya həllinə malik əsərdə elementlər sol tərəfdə yerləşdirilsə də, sağ tərəfdə uçuşan qağayılar sanki simmetriyanı tarazlamağa xidmət edir. Ön planda diqqəti cəlb edən qağayılar, arxa planda üfüqə doğru irəliləyən neftdaşıyan gəmilər, bacadan səmaya ucalan tüstü, xüsusən də bir qədər sərt yaxılarla tamamlanmış kompozisiya həlli əsərə məxsusi dinamika, hərəkət aşılayır. Bütün sadalanan meyarlar kompozisiyanın tamamlanmasına və mövzunun dolğunluğuna xidmət edir.
Tofiq Ağababayevin yaradıcılığında portret janrının da xüsusi yeri var. Onun portretlər qalereyasında görkəmli şəxsiyyətlər, dövlət və ictimai xadimlər, şairlər və yazıçıların təsvirini görürük. Obrazların daxili dünyasını, emosiyalarını tamaşaçıya çatdırmaq rəssamın istedadının təcəssümüdür.
“Şah İsmayıl Xətai”, “Dədəm Qorqud”, “Rasim Babayev”, “İlyas Əfəndiyev” və başqa portretlər dərin emosional təsir gücü, obrazın daxili duyğularının tərənnümü baxımından maraqlı əsərlərdir. Milli kolorit və formanın kombinasiyası, cəsarətli rəng keçidləri, poetik kolorit, peşəkarcasına həll olunmuş işıq-kölgə effektləri Tofiq Ağababayevin çəkdiyi portretləri birləşdirən əsas meyarlardır.
Rəssam Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli şair, mütəfəkkir Şah İsmayıl Xətai (1487–1524) obrazına bir neçə dəfə müraciət etsə də, hər əsərdə qəhrəmanını qüdrətli sərkərdə, əzəmətli dövlət başçısı kimi təsvir edib. Dəbdəbəli hökmdar qiyafəsi, qızılı rəngli baş geyimi, əzəmətli görünüş onun dövlət başçısı olduğunu ifadə edir. Hökmdarın qüdrətini, gücünü simvolizə edən qara bəbir əsərin təsir gücünü daha da artırır. Qəhrəmanın ictimai, siyasi fəaliyyəti ilə poetik-lirik yaradıcılığının sintezi əsərin diqqət çəkən ünsürlərindəndir. Rəng keçidlərinin forma ilə mükəmməl kombinasiyası əsərə əsl Şərq ab-havası aşılayıb.
Rəssam Tofiq Ağababayevin əsərləri ölkəmizlə yanaşı, Rusiya, ABŞ muzeylərində, Kanada, Türkiyə, Fransada şəxsi kolleksiyalarda saxlanılır. O, yaradıcılığı boyu ölkədə və ölkədən kənarda bir çox sərgilərdə iştirak edib. O cümlədən Azərbaycan Milli İncəsənət Muzeyində rəssamın 85 illiyi münasibətilə sərgisi, 2023-cü ildə isə 95 illiyinə həsr olunmuş “Zamanla dialoq” adlı fərdi sərgisi sənətsevərləri rəssamın zəngin yaradıcılığı ilə görüşdürüb.
Ömrünü sənətə həsr etmiş rəssamın yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1992-ci ildə “Əməkdar incəsənət xadimi”, 2006-cı ildə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb. 12 sentyabr 2023-cü ildə Prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub.
Qocaman rəssam uzun illər (o cümlədən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında) pedaqoq kimi fəaliyyət göstərib, neçə-neçə nəslə sənətin sirlərini öyrədib. Sənətə yeni gələn gənclər bundan sonra da onun yaradıcılığından bəhrələnəcəklər.
Gülnaz Mustafayeva
sənətşünas, Milli İncəsənət Muzeyinin əməkdaşı