Azərbaycan Dövlət Akademik Musiqili Teatrında uşaqlar üçün “İki küpəgirən qarı” tamaşasının (müəlliflər Ə.Əlizadə, R.Sef, Т.Каrelina) premyerası keçirilib.
10 Mart – Milli Teatr Günündə təqdim olunan tamaşada nağıl qəhrəmanları rəngarəng işıq effektləri və şən musiqi sədaları altında balaca teatrsevərlərə unudulmaz anlar yaşadıb.
Azərbaycan və rus dillərində hazırlanan musiqili nağıl-tamaşasının quruluşçu rejissoru Əhəd Hacıyevdir. Rolları Əməkdar artist Səidə Şərifəliyeva, aktyorlar Rauf Babayev, Nicat Əli, Yuliya Heydərova, Valeriya İskəndərova, Olqa Georgiyeva, Adelin Öztürk, Leonid Klets, Ayan Qurbanova, Murad Əliyev və balet artistləri ifa ediblər.
Dostluq, sevgi, cəsarət kimi mənəvi keyfiyyətlərin vacibliyinin ön plana çəkildiyi, gözlənilməz hadisələrin cərəyan etdiyi tamaşada mənfi xarakterli nağıl personajları tamamilə fərqli təqdimatda nümayiş olunub. Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanlı, quruluşçu baletmeysteri Məhəmməd Abdullayev, səhnə tərtibatçısı Qabil Gözəlov, geyim üzrə rəssamı Nübar Hüseynova, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Tamilla Aslanovadır.