Orfey də bambaşqadır

 

Akademik Opera və Balet Teatrının tamaşası haqqında oxucularımızın ötən həftədən ümumi məlumatı var. Biz isə bir qədər təfərrüata varmaq istədik.

Əslində, tamaşada yeniliklərin olacağı elə afişadan da bilinirdi. “Orfey və Evridika”da çıxış edən üç vokalçıdan ikisi üçün bu tamaşa debüt idi: Əməkdar artist Fəridə Məmmədova Evridika, gənc vokalçı Zümrüd Davudova isə Amur obrazında ilk dəfə səhnəyə çıxacaqdılar. Tamaşanın yaradıcı heyətində də dəyişiklik vardı: afişada quruluşçu baletmeyster olaraq Əməkdar artist Yuri Lobaçovun adı yazılmışdı.

Bəri başdan deyək ki, XVIII əsr alman bəstəkarı Kristof Villibald Qlük ilə libretto müəllifi italyan Ranyero da Kalsabicinin “Orfey və Evridika”sı yunan əsatir qəhrəmanı, musiqiçi və sehrli səs sahibi kimi ilahiləşdirilmiş Orfey və onun sevimli  həyat yoldaşı Evridikanın uğursuz bitən eşq hekayəsi əsasında ərsəyə gəlib. Lakin müəlliflər minilliklər boyu kişi sədaqətinin mücəssəməsi sayılan Orfeyin iztirablarına hörmət olaraq, sonradan Evridikanı bu dünyaya qaytararaq sevgililərin təkrar qovuşması sonluğunu seçiblər. Təbii ki, belə xoşbəxt sonluq ilahi musiqini dinləməkdən və məhəbbət mövzusunu seyr etməkdən zövq alan musiqisevərlərin ürəyincədir.

“Orfey və Evridika”nı təkcə opera tamaşası kimi təqdim etmək düz olmazdı. Çünki bu tamaşada opera və balet ifaçılığı bir-birinin dəstəkçisi yox, tərəfdaşıdır. Orfey meşədə çobanlar və meşə pəriləri ilə ixtilatında da, cəhənnəmdə şeytanlar, iblislər arasında da tək deyil. O, Evridikanı itirmə səbəbindən qəmgin nəğmələrini oxuduqca əsas qəhrəmanların alter-eqoları – Orfey və Evridika obrazlarını rəqs dili ilə canlandıran Seymur Qədiyev və Əməkdar artist Nigar İbrahimova da onu izləyir, səhnədə boşluğun yaranmasına imkan vermirlər. İnsaf naminə deyək ki, tamaşanın budəfəki plastik həlli, baletmeysterin uyğun bildiyi rəqslər, üstəlik, Orfeyin özünün də səhnədə rəqs elementlərini ifa etməsi diqqəti çəkir.

Yazımızın əvvəlində debütantların adını çəksək də, tamaşanın əsas vokal yükünü daşıyan Əməkdar artist İlham Nəzərovun adını çəkmədik. Əvvəlki tamaşalarda dəvətli Evridikalar ilə səhnəni paylaşmış vokalçı tamaşa və yeni tərəfdaşları barədə öz təəssüratlarını belə bölüşdü:

– “Orfey və Evridika” tamaşasında Avstriyada və Fransada fərqli versiyalarda oxumuşdum. Bugünkü tamaşa mənim vətəndə oynadığım dördüncü və Əməkdar artist Fəridə Məmmədova ilə ilk tamaşamdır. Fəridə xanımın dil bilgisi, dramatik aktrisa   bacarığı, peşəkarlığı baxımından çox rahat tərəf-müqabil olduğundan onunla səhnəni paylaşmaqdan zövq aldım. Amur partiyasının yeni ifaçısı Zümrüd Davudova da özünəməxsus, Əməkdar artist İnarə Babayevanın Amuruna oxşamayan bir obraz yarada bildi. Balet artistləri Seymur bəylə Nigar xanım da öz partiyalarını peşəkarlıqla ifa etdilər.

“Yeni obraz, yeni partiya hər bir sənətkar üçün özünü yenidən kəşf etmək imkanı verir” deyən Əməkdar artist Fəridə Məmmədovanın da tamaşa barədə təəssüratını öyrəndik:

– Evridika partiyası o qədər böyük olmasa da, çətindir. Üstəlik, bu quruluşda Evridika səhnəyə çıxdıqdan sonra sonadək səhnədə qalır, oxumaqla yanaşı, bir sıra xoreoqrafik hərəkətləri yerinə yetirməli olur, hətta dəqiqələrlə yerdə hərəkətsiz uzanıb qalmalıdır. Sağ olsun, Yuri Lobaçov təkcə balet artistləri ilə deyil, həm də bizimlə xeyli işləmişdi. İlk dəfə Amur obrazında səhnəyə çıxan Zümrüd Davudovanı da sənət uğuru münasibətilə təbrik edirəm.

O ki qaldı Evridikaya, mənim nəzərimdə K.V.Qlük bu obraza yüngül istehza ilə baxır. Çünki Orfeyin öz qadınına ilahi məhəbbəti o qədər də düzgün deyil. Evridika nə qədər gözəl, sevimli olsa da, adi qadındır. Onu elə adi qadın kimi sevmək lazımdır. Orfey sevdiyi qadından ötrü cəhənnəmi də, cənnəti də görür, ona qovuşmaq üçün bütün əzablara qatlaşır.

Deyim ki, tamaşa bütün kollektivin uğuru idi. Əyyub Quliyevin idarəsi ilə orkestr, Sevil Hacıyevin rəhbərlik etdiyi xor, balet artistləri, fleyta ifaçısı Elman Mustafayevin solo ifası çox gözəl idi.

İlham Nəzərov ilə başqa tamaşalarda tərəf-müqabil olmuşam. Bu dəfə mənə elə gəlir ki, biz səhnədə öz ifamızla bir-birimizi anladıq.

***

Beləcə, daha bir uğurlu tamaşa geridə qaldı və  artıq 151 ilini tamamlayan peşəkar teatr sənətimizin salnaməsinə yazıldı.

Növbəti tamaşaların təəssüratını paylaşmaq ümidi ilə

Gülcahan Mirməmməd