XX yüzilliyin ikinci yarısından etibarən Azərbaycanda milli kino sənayesinin sürətli inkişafı başlanır. Demək olar ki, hər il bir neçə diqqətəlayiq ekran əsəri lentə alınır. Onlar tamaşaçılar tərəfindən sevilməklə yanaşı, beynəlxalq festivallarda da uğur qazanırdı. “Yubilyar filmlər” rubrikasında 70 yaşlı “Doğma xalqıma” ekran əsəri haqqında söhbət açacağıq.
Azərbaycan rejissor sənətində məktəb yaradan ustadlar çox olub. Əməkdar incəsənət xadimi Hüseyn Seyidzadə (1910–1979) də Azərbaycanın kino salnaməsində dərin iz qoymuş sənətkarlardandır. Onun rejissor kimi fəaliyyəti 1939-cu ildə lentə almaq istədiyi “Ayna” filmi ilə başlayır. Amma Niyazi Bədəlovla birgə çəkdiyi film məlum olmayan səbəblərdən yarımçıq dayandırılır. Yeri gəlmişkən, “Ayna”nın materiallarından istifadə edərək sonradan (1943) müharibə mövzusunda “Sovqat” adlı film (İmran Qasımovun ssenarisi əsasında) çəkilib.
“Doğma xalqıma” bədii-sənədli filminin çəkilişlərinə 1953-cü ildə başlanmışdı. Filmin quruluşu rejissor Yan Fridə tapşırılır. Sonda kinorejissor Mixail Rommun təşəbbüsü ilə Hüseyn Seyidzadəyə Yan Fridlə birgə bu filmi işləmək həvalə edilir. Beləliklə, 1954-cü ildə Azərbaycanda ilk rəngli bədii-sənədli film müvəffəqiyyətlə çəkilib tamaşaçıların ixtiyarına verilir.
“Doğma xalqıma” film-konserti incəsənət ustalarının Azərbaycan zəhmətkeşlərinə yaradıcılıq hesabatıdır. Ekran əsərində görkəmli bəstəkarlar Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Qara Qarayev, Tofiq Quliyev, Soltan Hacıbəyov və Əfrasiyab Bədəlbəylinin əsərləri, “Koroğlu” və “Nərgiz” operalarından, “Yeddi gözəl”, “Qız qalası”, “Gülşən” baletlərindən fraqmentlər, xalq yaradıcılığı nümunələrindən istifadə olunub.
Kinolent ilk rəngli Azərbaycan filmi hesab edilsə də, bəzi səhnələr ağ-qara çəkilib. Filmin yaradıcı heyətinə diqqət etsək, Azərbaycan incəsənətinin görkəmli simalarının bu layihədə iştirak etdiklərini görərik: baş operator Əlisəttar Atakişiyev, operatorlar Xan Babayev, Teyyub Axundov, rəssamlar Cəbrayıl Əzimov, Elbəy Rzaquliyev, səs operatoru Ağahüseyn Kərimov, bəstəkar, musiqi redaktoru və dirijor Niyazi, rejissor Şüa Şeyxov, rejissor assistentləri Məmməd Əlili, Əlisəttar Məlikov.
Filmdə rolların ifaçıları da sənət tariximizdə şöhrət qazanmış adlardır: Bülbül, Rəşid Behbudov, Qəmər Almaszadə, Ağababa Bünyadzadə, Leyla Vəkilova, Rəfiqə Axundova, Maqsud Məmmədov, Sona Aslanova, Azad Əliyev, Nəcibə Məlikova, Əfrasiyab Məmmədov, Həsənağa Salayev, Əli Qurbanov, Kazım Həsənov, Şövkət Ələkbərova, Məmmədsadıq Nuriyev, Kamil Qubuşov.
Onu da qeyd edək ki, məhz bu ekran işinin uğurundan sonra Hüseyn Seyidzadəyə müstəqil olaraq tammetrajlı bədii film həvalə olunur. 1956-cı ildə o, Azərbaycan kino tarixində ilk rəngli bədii film olan “O olmasın, bu olsun”a quruluş verir. Üzeyir bəyin eyniadlı operettası əsasında ssenarini Sabit Rəhman yazmışdı. Həmin dövrdə “Ədəbiyyat və incəsənət” qəzetində yazılan tənqidi materialların heç biri filmin ekran ömrünü qısalda, şöhrətini, tamaşaçı sevgisini azalda bilmir. Azərbaycanın korifey aktyorlarının “çələngi” sayılan film 60-dan artıq ölkədə nümayiş olunub. Bu gün də maraqla izlənilir, güldürür və düşündürür.
Hazırladı: Lalə