Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində “Ana dili” həftəsonu kursunda Novruz şənliyi təşkil olunub.
Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova ana dilinin əhəmiyyəti və bu kursların mərkəzin fəaliyyətində tutduğu önəmli yerindən bəhs edib. Bildirilib ki, kiçikdən böyüyə hamının sevimli bayramı olan Novruz ərəfəsində təşkil olunan tədbir kurslarda iştirak edən uşaqların böyüklərə ərməğanıdır. Bayrama xüsusi həvəslə hazırlaşan balacalar ana dilində şeir və mahnılar, eləcə də müxtəlif milli rəqslər öyrəniblər.
Sonra kursun rəhbəri Yeganə Balamədova bayram proqramı barədə məlumat verib, Vyanada yaşayan soydaşlarımızı öz övladlarını daha fəal şəkildə Mədəniyyət Mərkəzi nəzdindəki həftəsonu kurslarına, rəsm və rəqs dərnəklərinə üzv yazdırmağa dəvət edib.
Uşaqlar Novruza həsr olunmuş mahnılar və şeirlər səsləndirib, milli rəqslər ifa ediblər. Konsertin ardınca mərkəzin əməkdaşları Rəşidə Əsgərli və Gülər Əzizovanın təqdimatında Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılının motivləri əsasında kukla tamaşası nümayiş olunub.
Bədii hissədən sonra uşaqlar və valideynlər bayram süfrəsinə dəvət ediliblər. Uşaqlar üçün Novruza məxsus oyunlar keçirilib.