Hər dəfə oralara gedəndə uşaq kimi sevinirəm. Bilirəm bütün fəsillər oralarda daha gözəldir. Ora Qarabağdır, ağ damları mənfurlar tərəfindən uçurulub yerlə yeksan edilsə də, şöhrətini heç vaxt itirməyən böyük Ağdamdır. Özü də indi yenidən qurulan, daşı daş üstünə qoyula-qoyula öz əzəmətli günlərini inamla gözləyən Ağdam...

Biz Bakıdan hələ səhər açılmadan yola çıxdıq. Yol uzunu palıd, çinar, cökə ağaclarının iri gövdələrini sayırmış kimi irəlilədikcə öz-özümə Allah bilir neçə dəfə “Əzizinəm, ağ damlar” bayatısını dedim, həm də kövrəldim. Bu halımın, həm də səfərimin səbəbkarı Xanirə Röyadır. Ötən il yubileyi münasibətilə müsahibəmiz zamanı dramaturq kimi də kəşf etdiyim Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisası.

İllər əvvəl, gənc qız ikən doğulduğu Ağsudan baş götürüb böyük sənət sevdası ilə Ağdama gələn, burada səhnə adlı ecazkar məkanla tanış olan özü də, sözü də kövrək Xanirə xanım gah bizi də özünə qoşub ötən illərə aparır, gah da premyera tamaşasının, müəllif kimi səhnədə ikinci pyesinin “Görən nə təhər olacaq” sual-həyəcanında heç cür rahatlıq tapa bilmirdi.

Dünyadan uşaq ikən köçən oğlu Röyanın adını ədəbi imzası kimi təsdiqləməyə çalışan, bu günədək bir neçə pyes yazan və onları kitab halına salan müəllif gah “Qisas” adını verdiyi bu əsəri, fədakar Ağdam teatrının kollektivi, gah da hazırda çalışdığı, aktrisa kimi səhnəyə çıxdığı Şuşa teatrı, sənət dostları haqqında danışırdı. Deyəsən, sürücümüz Tariyel kişinin sükan arxasında yuxulaya biləcəyi ehtimalından ehtiyat edərək arabir “Ay Tariyel, sən Allah, xalxı burdan ora aparırıq, ayıq ol ha!” deyərək narahat-narahat arxa oturacaqdakılara tərəf boylanırdı.

Sonra sevimli şeirlərindən, rollarından parçalar deməyə başladı. Arabir yadına nə düşdüsə gözləri doldu, bənövşəyi yaylığının ucu ilə yanağına süzülən yaşları gizlincə sildi, avtomobilin şüşəsini aşağı endirərək dərindən nəfəs aldı.

İşin bu yerə çatdığını görüb sözü ədalətsiz rol bölgüsü edən rejissorlardan salıram. Bilirəm, bu mövzu artistlərin ən yaralı yeridir. Söhbətimiz qızışır, bir də görürük ki, hələ də öz yurdunda didərgin, doğma ocağının qalıqlarından kilometrlərlə uzaqda Quzanlı qəsəbəsində qərar tutan Ağdam Dövlət Dram Teatrına yetişirik.

Köhnə-yeni dostların günəşli Ağdam sabahında xoş münasibəti ilə qarşılanıb buz kimi soyuq binaya keçirik. “Niyə buz kimi?” təfərrüatına varmayacam. Deyəsən, teatrın və bir neçə mədəniyyət müəssisəsinin yerləşdiyi ərazidə xətlərdəki nasazlıq üzündən istilik təchizatında fasilə yaranıb. Olan işdir. Necə deyərlər, proses baş verirsə, problem də qaçılmazdır.

Tamaşanın başlanmasına hələ bir az var. Teatrın direktoru, ağsaqqal yaşı və məqamına çatmış Məhəmməd Hüseynov buz kəsən mühitə ilıq hava gətirmək üçün zarafat edir. Teatrı yaşatmağın, bölgədə fəaliyyətin çətinliklərindən, sənətə məhəbbətdən, Ağdam teatrının yeni nəslindən söz açır. Ağdam teatrının veteranı – Əməkdar artist Cəmilə Məmmədzadənin premyera, Bakıdan gələn qonaqların sorağı ilə həyəcanla içəri daxil olması və əsl sənət adamı kimi parlaq çıxış-salamlaması da ovqatı xeyli dəyişir... İlahi, bir sənət ocağı, quruca divarlar neçə-neçə insanın tale yolunda, alın yazısında necə izlər qoya bilərmiş?! Cəmilə xanım sadalayır, kövrəlir, 60–70-ci illərə pərvazlanır. Şöhrətli həmkarları Əməkdar artistlər Tofiq Qarayev, Simuzər Namazova, Qaflan Muradov, Narınc Məlikova, Qurban Mirzəyev və başqaları haqqında xatirələrini dilə gətirir. Onlarla tərəf-müqabil olmuş Xanirə xanım da söhbətə qoşulur. Əksəriyyəti həyatda olmayan digər sənət dostları ilə bağlı xoş anlar artıq yaşının üstünə yaş gəlmiş sənətkarları gənclik çağlarına aparır.

Sonra teatrın keçmiş direktoru, Ağdam səhnəsinin taleyində dönüşə nail olan Əməkdar mədəniyyət işçisi Məmməd Əmirov, 1983–1988-ci illərdə təyinatla teatrda baş rejissor olmuş Məmmədkamal Kazımovla bağlı xatirələr, o zaman səs-küyə, yaradıcı rezonansa səbəb olan premyeralardan danışılır.

Söhbətin bu yerində dəhlizdə aydın olmayan həngamə qopur. Bayaqdan onsuz da narahat görünən Məhəmməd Hüseynov o səs-küyə doğru yüyürür. Bir neçə dəqiqədən sonra qayıdaraq “Uşaqlar son məşqlərini edirlər” deyir. Ardınca premyera həyəcanını bütün bədənində hiss etdirən teatrın baş rejissoru, tamaşanın quruluşçusu Kərim Həsənov (Xançoban) içəri daxil olur və son məşqlərin effektli olduğunu və ona görə belə həyəcanla replikalar üzərindən keçdiyini deyir.

Düzü, rejissorun “qisas” alırmış kimi etdiyi son məşq məndə tamaşaya olan marağı birə-beş artırır. Zalda əsas etibarilə gənclərdən ibarət tamaşaçılar maraqla yeni səhnə işini gözləyirlər.

Fevralın 28-nə təsadüf edən premyeradan öncə səhnəyə çıxan teatrın direktoru M.Hüseynov tamaşaçıları salamlayır, bir əsri adlayan tarixə malik Ağdam teatrı, onun tarixi, bu günü və cari repertuarı barədə tamaşaçılara qısaca məlumat verir.

Ardınca səhnə işinin müəllifi X.Röya yaradıcı heyəti təbrik edir, əsərinin bir zamanlar aktrisa kimi fərqli rollara həyat verdiyi teatrda oynanılmasını qürurla qeyd edir. Bundan əvvəl məhz bu səhnədə “Cadu əməliyyatı” adlı tragikomik pyesinin də səhnəyə qoyulduğunu yada salır, yaradıcılığına diqqətə görə təşəkkürünü bildirir.

Sonra hamılıqla “Qisas”ı izləyirik.

Ailə-məişət mövzulu dramatik əsərdə hadisələr vəzifə naminə illər əvvəl ailəsini, körpə qızını atıb yad millətin nümayəndəsi ilə evlənən yüksək mənsəb sahibi olan ata Rəcəb (Kərim Həsənov) və ondan evinə qulluqçu kimi daxil olaraq intiqam almağa çalışan aktrisa Rənanın (Afəridə Əhmədova) ətrafında cərəyan edir. Artıq o illəri çoxdan unudan, yeni ailə və övladları ilə mənsəbinin və var-dövlətinin verdiyi imkanlarla məsud həyat yaşayan və vicdan hissini çoxdan itirən Rəcəb əsas amalı – vəzifəsi üçün düşünmədən bu ailəsini də qurban verir...

Rənanın aktyor dostları ilə qurduğu oyun – Rəcəbin arvadı və övladlarının oğurlanması planı icra olunur. Rəna və dostları Rəcəb qarşısında tələb qoyurlar: o ya istefa verməlidir, ya da ailəsindən imtina etməlidir. Sözsüz ki, gözlənilən olur və Rəcəb düşünmədən ailəsindən imtina edir. Xəyalları suya düşən sevimli arvadı və övladları da ondan.

İbrətamiz, sadə və çətin mövzuya insan talelərinin fərdi təqdimatı ilə baxmağa çalışan müəllif bizi bir həqiqətlə baş-başa qoyur: insan ali dəyərini də özü müəyyən etməli və yaddaşının onu aldatmasına imkan verməməlidir.

Belə də olur. Rəna illərdir onu tərk edən ərinin xiffətini çəkən daim küskün, kədərli anası Gövhərə (Əməkdar artist Aidə Qasımova) də, Rəcəbin başqa millətdən olan digər qadının səadətini əlindən alan yeni arvadı Məlahətə (Xəyalə Xudadatova) də isbat edir ki, elə bir kişini bağışlamaq olmaz.

Birhissəli səhnə əsərinin quruluşçu rəssamı M.Qarayev, musiqi tərtibatçısı A.Şükürov, rejissor assistenti X.Abdullazadədir. Tamaşada digər rolları Anar Əhmədov, Fərhad Fərhadzadə, Camal Zamanov, Vüqar Mərdanov, Rüstəm        Məmmədov, Ülviyyə Qasımova ifa edirdilər.

Etiraf edim ki, teatrın ikinci-üçüncü dərəcəli rollar ifa edən aktyorları – həvəskar gəncləri məndə daha çox müsbət təəssürat oyatdılar. Baş rol ifaçısı kimi A.Əhmədova nəinki obrazının, ümumən tamaşanın yükünü çəkməyə çalışdı. Hərçənd mizanlar arasında rabitəsizlik, tamaşanın temporitminin aşağı olması, işıq və musiqi həllindəki natamamlıq, rejissorun əsərin ideyası ilə uzlaşmayan oyun-üslub çağırışları sadə hekayətin aydın təsvirinə maneçilik törədirdi. Amma kollektivin çətin şəraitdə işləməsini, üstəlik, texniki imkanlardakı məhdudiyyəti nəzərə almaqla bu kimi çatışmazlıqların üzərindən keçsək yaxşıdır.

***

Nümayişin ardınca fürsətdən istifadə edib teatrın xidməti otaqları, əlbəsə və rekvizit sexlərini də dolaşdım. Səhnə geyimlərinin saxlanıldığı otaqda kiçik masada oturan dərzi köhnə əl maşınında nə isə tikirdi. Başı işinə elə qarışmışdı ki, gəlişimizi duymamışdı. İlhamə Baxşəliyeva rəngarəng parçaları bir-birinə tikirdi. Xəbər alanda Novruz bayramı ilə bağlı tədbir üçün hazırlıq gördüklərini dedi. 8 ildir teatrda dərzi kimi çalışır. Bu sahədə peşə təhsili alıb, teatrdan öncə də dərzi kimi fəaliyyət göstərib. Deyir, teatrda işləmək daha maraqlıdır: “Çalışıram teatrın sifarişlərini də axsatmadan yerinə yetirim. Baxmayaraq ki, artistlərlə işləmək daha çətindir, onları razı salmaq üçün gərək dəridən-qabıqdan çıxasan”.

Teatrın bədii-quruluş hissə müdiri Yaşar Abbasov da iş prinsipindən danışır. Ştativ sisteminin olmadığı teatrda kulis-paduqa (səhnə geyimi) məsələsini yalnız statik ağ-qara pərdələrlə həll etdiklərini, onların da səhnədən-səhnəyə deyil, yalnız tamaşadan-tamaşaya dəyişdiyini deyir. Bildirir ki, rejissorların, quruluşçu rəssamların tələb etdikləri avadanlıqları çətinliklə də olsa ərsəyə gətirməyə çalışırlar.

Direktor M.Hüseynov deyir ki, son illər işə əsas etibarilə gəncləri götürüb. Pensiyaya çıxan, yaşı və səhhəti ilə bağlı teatrdan getmək məcburiyyətində qalan qocamanları yeni nəsillə əvəzləməyə çalışıb: “Rayonda teatra maraqlı gənclər var. Aralarında incəsənət təhsilliləri az olsa da, yaxın sahələr üzrə təhsil alanlar cəlb olunub”.

Belə olduqda haqlı bir sual yaranır: bu gün bölgədə, konkret Ağdamda teatra üz tutan gənclər ora stabil maaşlı iş yeri kimi baxırlar, yoxsa sənət məbədinə xidmət edəcək aktyor kimi?

Bu sual təcrübəli direktorun lap ürəyindən oldu və təəssüflə “Əvvəl-əvvəl iş yeri kimi baxıb gəlirlər. Bir-iki aydan sonra çətinliyi görüb qaçanlar da olur. Teatra qalan o bir-iki nəfər lazımdı və şükür ki, onlar var” deyib nikbin sonluğa çalışdı.

Hazırda baş rejissoru və quruluşçu rejissorları da aktyorluq ixtisası üzrə məzun olan, nəinki indi, ümumilikdə son illər Əməkdar artist Vaqif Şərifovdan başqa rejissor təhsilli quruluşçuya (sözsüz ki, daimi ştatda) həsrət teatrın ən böyük dərdi də budur: peşəkar rejissor.

Sonda onu da deyim ki, sayıb-saymadığım müvəqqəti çətinlikləri ağdamlı teatr təəssübkeşlərini artıq narahat etmir. Çünki inanırlar ki, yenidən qurulan Ağdamda köhnəsindən də əzəmətli bir teatr binası olacaq və onlar səhnə ömürlərinin qalan hissəsini o binada yaşayacaqlar...

Həmidə Nizamiqızı