Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) yaradıcılıq laboratoriyalarının “Baxış – 4” festivalı “Avtobus” tamaşası ilə başa çatdı.

Laboratoriyanın rəhbəri Məhəmməd Verdizadənin öz tərcüməsi və quruluşunda səhnəyə çıxan məşhur bolqar dramaturqu Stanislav Stratiyevin “Avtobus” pyesindəki bütün rolları onun yetirmələri oynayırdı. Təbii ki, bu tamaşa 10 gəncin səhnədə ilk çıxışı idi və onlardan “Gözəllik kraliçası” və “Akkompaniator” tamaşalarında çıxış edən peşəkar aktyorların məharətini gözləməyə dəyməzdi. Bununla belə, təzəhəvəs aktyorların heç birində aşırı həyəcan və səhnə davranışlarında “mənim burda nə işim var” sayaq naşılıq hiss olunmurdu.

Bəs tamaşa nə barədədir? Beş qadın və beş kişi avtobusa minib ki, bu ictimai nəqliyyat onları ünvana çatdırsın. Avtobus sürücüsü isə səhnədə yoxdur. Yəni bir qrup insanı mənzil başına çatdırmaq məsuliyyətini daşıyan şəxs gözə görünmür. Birdən avtobus marşrutdan çıxır və… nəqliyyatın hansı istiqamətdə hərəkət etdiyini sürücüdən öyrənə bilməyən sərnişinlər panikaya düşürlər. Ümumi təhlükə insanları birləşdirmir, əksinə, onları üz-üzə qoyur. Beləliklə, bütün qəza vəziyyətlərində olduğu kimi, insanların heç də yaxşı sayılmayacaq cəhətləri üzə çıxır, qorxu və panika onları asan idarəolunan insan kütləsinə çevirir...

***

Milli Teatr Günü ərəfəsində başa çatan “Baxış – 4” festivalının mükafatlandırma mərasimi də elə 10 mart tədbirinin ardınca keçirildi.

Rejissor laboratoriyasının müdavimləri – Könül Şahbazova, Ağasəlim Feyzullayev və Xəyalə Meydanova sertifikat aldılar. Aktyorlar fəal iştiraka görə diplom, Məhəmməd Verdizadə isə təşəkkürnamə ilə mükafatlandırıldı.

“Baxış – 4”ə Milli Teatr Gününün bayram tədbirinin sonunda, bütün fəxri fərman və mükafatlar sahiblərinə çatdırılandan sonra yekun vurulması ikitərəfli rəmzi məna daşıyırdı: cavanlar, görürsünüz ki, teatra ömür həsr edənlərin qədrini bilirik; təcrübəli peşəkarlar, arxanızca gələn var...

G.Mirməmməd