Milli Teatr Günü elə bir vaxtda qeyd olunur ki, heç hava özü də bilmir ki, onun ovqatı yazdandır, yoxsa qışdan?... Bu dəfə martın 10-dakı paytaxt havası teatr cameəsinin sənət sevgisini gur yağışla sınağa çəkdi. Yolboyu xırda-para gölməçələrdən ehtiyatla keçərək yağışda islanıb öz bayramsayağı görkəminin korlanmaq ehtimalından əndişələnərək Aktyor evinə gələnlərin arasında yəqin teatr sənətinin uğurları üçün dua etməyi, dilək tutmağı unutmayanlar da olmuşdu.

***

Teatr Xadimləri İttifaqının Aktyor evi təkcə paytaxtın deyil, həm də bölgə teatrlarının nümayəndələrini bir araya yığmışdı. Teatr azmanları, yaxşı tanıdığımız “orta kalibrli” sənətçilərlə bayramlaşıb içəri keçirik: pərdəsi açıq səhnəyə nəzər salınca tamaşa salonundakı rəngarənglik, şöhrəti yaşı ilə qoşa artan sənətkarlarımızın bolluğu aydınlaşır. İllərdən bəri Milli Teatr Gününün ittifaqda keçirilən baş tədbirində iştirak təcrübəmiz deməyə imkan verir ki, indiyədək bayram günündə bu qədər fəxri fərman, heykəlcik-mükafat tavandan baxan projektorların işığında belə bərq vurmamışdı...

Mədəniyyət Nazirliyi və ATXİ-nin təşkilatçılığı ilə gerçəkləşən bayram tədbiri ittifaqın son birillik fəaliyyətinin vizual hesabatı sayıla biləcək videoçarxın nümayişi ilə başladı. ATXİ-nin “Qonaq teatr” layihəsi, eləcə də Azərbaycana işgüzar səfərə gəlmiş yaxın-uzaq xarici ölkə teatr xadimləri ilə görüşlər həmin videoçarxda öz əksini tapmışdı. 

Sonra ittifaqın idarə heyəti sədrinin səlahiyyətlərini icra edən Xalq artisti Hacı İsmayılov səhnəyə çıxdı. Milli teatr ənənəsinin yaradılışından söz açan natiq  vurğuladı ki, Prezident İlham Əliyevin 1 mart 2013-cü il tarixli sərəncamı ilə 10 mart Milli Teatr Günü kimi bayram səviyyəsində qeyd edilir. Teatr sahəsində çalışan insanlara dövlət qayğısı artır, teatrlarımızın maddi-texniki təchizatı dünya standartlarına yaxınlaşır.

Hacı İsmayılov ittifaqın idarə heyətinin qərarı ilə milli teatr sənətinin inkişafındakı xidmətlərinə və yuvarlaq yaşdönəmləri münasibətilə 30 nəfərdən çox teatr xadiminə fəxri fərman təqdim etdi. Təbii ki, çıxışçılar arasında qısaca “təşəkkür edirəm” deyənlər də oldu, bir-iki dəqiqəlik minnətdarlıq nitqi söyləyənlər də. Lakin iki nəfərin – Xalq artisti İlham Namiq Kamalın və Əməkdar artist Loğman Kərimovun çıxışları yadda qaldı. İlham müəllim “zəhmət olmasa, salonun işıqlarını bir az artırın” deyərək təklifini belə əsaslandırdı: “Sağlam insanları görmək sənət adamı üçün vacibdir”. Yəni sənəti sevən insanın ruhu da, düşüncəsi də sağlam olar. 

Bu il 65 yaşını qeyd edən Loğman Kərimov isə belə dedi: “Yaxşı olar ki, gələn ildən belə fəxri fərmanlar 35, 40 yaşını qeyd edən teatr adamlarına da verilsin. Çünki onlar da həmin yaşadək teatr sənətinin inkişafına öz töhfələrini vermiş olurlar”.

ATXİ-nin “Qızılgül” mükafatı isə bu sənətə ömür həsr etmiş xanımlara təqdim edildi. İllərdən bəri ittifaqın bütün tədbirlərinin hazırlanmasında əməyi keçən, bu yaradıcılıq qurumunun təşkilati əziyyətini öz zərif çiyinlərində daşıyan üç xanım əməkdaş – Elmira Kərimova, Məlahət Manafova, Xatirə Babayeva da “Qızılgül” mükafatı ilə təltif olundular.

Tədbirin musiqili qonaqları – Xalq artisti Heydər Anatollu, Akademik Musiqili Teatrın aktyorları Gültac və Hüseyn Əlili cütlüyü öz ifaları ilə bayrama rəng qatdılar. Lakin Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının beş gənc aktyorunun yumoristik təbriki tədbirin əvvəlindən kəsilməyən alqış sədalarına gülüş səsi qatdı.

Gənclər demişkən, ATXİ-nin Milli Teatr Günündə təqdim edilən “Ümid” mükafatı da var ki, o, ilin ən istedadlı gəncinə verilir. Bu dəfə həmin mükafat çox da uzağa getmədi: Sumqayıt Dövlət Dram Teatrının aktyoru və rejissoru Ümid Abbaszadəyə verildi.

Bu il üç teatr xadimi ATXİ-nin ən prestijli mükafatı sayılan “Sənətkar” medalı ilə təltif edildi: indən belə Xalq artistləri Şükufə Yusupova və Firudin Məhərrəmovun, Əməkdar artist Azad Şükürovun mükafat və təltiflər siyahısına bu şərəfli medal da əlavə olundu.

***

...Milli Teatr Gününə həsr olunmuş tədbir başa çatandan sonra küçəyə çıxanda gördük ki, yağış kəsib. Başımızı qaldırıb açıq göy üzünə baxanda ürəyimizdən keçdi ki, təki bütün xoş arzularımız, o cümlədən də teatr sənəti ilə bağlı diləklərimiz Tanrı dərgahına yetişib gerçək olsun.

Gülcahan