Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 12-də Füzuli rayonuna səfər edib.
Ali qonağı Füzuli Beynəlxalq Hava Limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.
Əvvəlcə dövlət başçıları Füzuli şəhərinin Baş planı ilə tanış olublar.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçılarına Füzulidə görülən və həyata keçiriləcək işlər barədə məlumat verib. Bildirilib ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq.
Daha sonra Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər.
Dövlət başçıları tədbirdə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Füzuli şəhər sakinləri və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alacaq uşaqlarla görüşüblər.
Qazaxıstan Prezidenti mərasim iştirakçılarına müqəddəs Ramazan ayı münasibətilə təbriklərini çatdıraraq deyib: “Bu mərkəz Qazaxıstan xalqı adından bizim hədiyyəmizdir. Hökumətin tapşırığına və mənim şəxsi göstərişimə əsasən, “BI Group” özəl şirkəti bu hədiyyəni səmimi-qəlbdən, bütün xalqın adından təqdim edir. Zənnimcə, bu obyekt, şübhəsiz ki, ölkələrimiz arasında rifahın, bütün əlaqələrin, hərtərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə olacaq.
Sizə uğurlar, tərəqqi arzulayıram. Heç bir şübhə yoxdur ki, Azərbaycanın müqəddəs regionu güclü inkişaf edəcək. İndicə gələcəyə dair planla tanış olduq və əlbəttə ki, o, miqyası və intensivliyi ilə bizi valeh edir”.
Prezident İlham Əliyev qardaş hədiyyəsinə görə Qazaxıstan rəhbərinə təşəkkürünü bildirib: “Azad olunmuş torpaqlarda Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması Sizin şəxsi təşəbbüsünüzdür. Ötən dəfə – ilyarım əvvəl Azərbaycana səfəriniz zamanı bu mərkəzin təqdimatı oldu və bir il ərzində mərkəz tikildi, bu gün onun rəsmi açılışıdır. Mərkəz qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyır. Dünən biz Sizinlə danışırdıq ki, bu, təkcə Uşaq Yaradıcılıq Mərkəzi deyil, həm də Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzi olacaq. Hər bir belə layihə Azərbaycan xalqının qəlbini riqqətə gətirir, çünki 30 il ərzində bu balaca uşaqların valideynləri, babaları və nənələri bir arzu ilə – öz torpaqlarına qayıtmaq arzusu ilə yaşayıblar. Onlar qayıtdıqda dağıdılmış, yerlə yeksan edilmiş Qarabağı gördülər, əlbəttə, çox acı hisslər yaşadılar. Bu qayıdışın ağrılı-acılı və eyni zamanda, sevinc hissləri bir-birinə qarışmışdı”.
Ölkəmizin başçısı deyib ki, qardaş Qazaxıstanın köməyi ilə Füzulidə çox gözəl Uşaq Yaradıcılıq Mərkəzi açılır: “Bu təşəbbüsə görə Sizə səmimi-qəlbdən minnətdarıq. Bu, azərbaycanlıların, burada yaşayanların və yaşamayanların, buraya gələn və bu gözəl binanı görən hər kəsin yaddaşında qalacaq. Ən başlıcası, buraya gələn, əksəriyyəti Bakıdan, Sumqayıtdan və digər böyük şəhərlərdən olan uşaqlar öz qəlblərinin səsi və əcdadlarının çağırışı ilə tədbirdə iştirak edirlər. Diqqət yetirdikdə görürük ki, burada – Füzulidə yaşayan insanlar, onların əksəriyyəti Füzulinin işğalı dövründə dünyaya gəliblər, yaxud çox balaca olublar. Demək olar ki, onlar öz doğma şəhərini, öz rayonunu görməyiblər, amma bu torpağa məxsus olduqları, uğrunda mübarizə apardığımız, döyüşdüyümüz, qan tökdüyümüz və uşaqlarımızı itirdiyimiz müqəddəs Qarabağ torpaqlarına aid olduqları üçün buraya qayıdıblar.
Bu gün, Qarabağın dirçəldiyi bir vaxtda əziz qardaşımızı, Türk dünyasının ən böyük ölkəsinin, sürətli inkişafa malik, beynəlxalq arenada iri aktor olan, Azərbaycanın müttəfiqi qardaş Qazaxıstanın Prezidentini salamlamaqdan böyük şərəf hissi duyuruq. Siz yəqin ki, bizim dünənki görüşlərimizi izləmisiniz, həmçinin axşam da bizimlə birlikdə olmusunuz. Yəqin ki, bu ab-havaya nüfuz etmisiniz. Ünsiyyətimizin bütün işgüzar komponenti ilə yanaşı, məhz mənəvi bağlar bizə güc verir. Sizi təbrik edirəm və sizin adınızdan bir daha Kasım-Jomart Tokayevə təşəkkürümü bildirmək istəyirəm”.
Sonra dövlət başçıları Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsiblər. Xatirə şəkilləri çəkdirilib.
Prezidentlər Uşaq Yaradıcılıq Mərkəzində yaradılan şəraitlə tanış olublar.
Qeyd edilib ki, Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin təməli 2023-cü ilin martında qoyulub. Mərkəz 1,5 hektar ərazidə yaradılıb. Obyektin tikinti sahəsi 2700 kvadratmetrdir. İkimərtəbəli binada 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılıb. Burada mühazirə zalı, şahmat və kulinariya sinifləri, incəsənət və heykəltaraşlıq studiyası, xoreoqrafiya və idman zalı, səsyazma kabineti, musiqi və vokal sinfi, foto-video montaj, veb-dizayn və robototexnika kabinetləri, akt zalı, 3D modelləşdirmə sinfi var. Mərkəzdə IT-startaplara və Azərbaycanın milli mədəniyyətinə, o cümlədən xalçaçılıq sənətinə xüsusi diqqət yetiriləcək.
Yeni təhsil kompleksi üçün Kurmanqazı adının seçilməsi də təsadüfi deyil. Görkəmli musiqiçinin əfsanəvi əsərləri bütün Türk dünyasının mirasına çevrilib.