151 yaşlı peşəkar milli teatrımızın yaranma gününü bu dəfə teatrlar birlikdə, bir səhnədə qeyd etdilər.
Martın 11-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Milli Teatr Gününə (10 mart) həsr olunmuş bayram tədbiri və mükafatlandırma mərasimi keçirildi.
Mədəniyyət və incəsənət xadimlərinin, teatr cameəsi nümayəndələrinin, Mədəniyyət Nazirliyi əməkdaşlarının iştirak etdiyi tədbir əsl bayram ovqatına köklənmişdi.
Tədbir peşəkar Azərbaycan teatrının tarixini, bu gününü əks etdirən videoçarxın nümayişi ilə başladı.
Sonra mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov nazir Adil Kərimlinin ölkəmizin teatr ictimaiyyətinə ünvanlanan təbrik məktubunu oxudu.
Akademik Milli Dram Teatrının bədii rəhbəri Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə həmkarlarını, teatr sevdalı sənət təmsilçilərini, səhnə xadimlərini təbrik edərək onlara yeni yaradıcılıq uğurları arzuladı.
Əməkdar incəsənət xadimi, teatrşünas, professor İlham Rəhimli Azərbaycan peşəkar milli teatrının tarixi, azərbaycanlı teatr fədailərinin nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da teatr ənənəsinin yaradılması və yaşadılması istiqamətində gördüyü böyük işlərə nəzər saldı.
Əməkdar incəsənət xadimi, teatrşünas, professor Məryəm Əlizadə müasir Azərbaycan teatrının missiyasından, dövlətimizin bu sahəyə diqqət və qayğısından bəhs etdi, bu münasibətin nəticəsi kimi son illər teatrımızın nail olduğu uğurlardan danışdı.
Sonra ölkəmizdəki teatr-tamaşa müəssisələrinə (bölgələrdəki dövlət kukla teatrları istisna olmaqla) və təmsilçilərinə Akademik Milli Dram Teatrı tərəfindən təsis olunmuş “Milli Teatr Mükafatı” 21 teatra təqdim edildi.
Qərara əsasən, “Ən yaxşı tamaşa” nominasiyası üzrə Akademik Milli Dram Teatrı (“Ölülər”, Cəlil Məmmədquluzadə – quruluşçu rejissor mərhum Xalq artisti Azər Paşa Nemətov), Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı (“Sənətkarın taleyi”, Xalq yazıçısı Elçin – mərhum Xalq artisti İranə Tağızadə), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (“Kod adı: V.X.A”, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə) və Şuşa Dövlət Dram Teatrı (“Lənkəran xanının vəziri”, Əməkdar artist Loğman Kərimov) təltif olundular.
“Milli teatrın inkişafındakı xidmətlərinə görə” nominasiyası üzrə Xalq rəssamı Nazim Bəykişiyev, Xalq artisti Rafiq Əzimov, Xalq artisti İlham Namiq Kamal, Əməkdar mədəniyyət işçisi Maqbet Bünyadov da təltif sevinci yaşadılar.
“Ən yaxşı kişi rolu” nominasiyası üzrə mükafat Akademik Milli Dram Teatrından Xalq artisti Nurəddin Mehdixanlıya Yedigey obrazına görə (“Əsrə bərabər gün”, Ç.Aytmatov), Lənkəran Dövlət Dram Teatrından Xalq artisti Qabil Quliyevə Dədə Qorqud obrazına görə (“Casus”, Kamal Abdulla) təqdim olundu.
“Ən yaxşı qadın rolu” üzrə isə E.Filipponin “Filumena Marturano” tamaşasındakı Filumena obrazına görə Xalq artisti Bəsti Cəfərovaya və Cavid Zeynallının “Şükriyyə” tamaşasındakı Zöhrə obrazına görə Əməkdar artist Mehriban Xanlarovaya (hər ikisi Akademik Milli Dram Teatrı) verildi.
Gəncə Dövlət Dram Teatrında “Ən yaxşı qadın rollarının ifaçısı” nominasiyası üzrə mükafat Xalq artisti Pərvanə Qurbanovaya, “Bölgə teatrlarına dəstəyə görə” mükafat Azərbaycan Teatr Xadimləri İttifaqına, “Heydər Əliyev İli” və “Azərbaycan teatrı – 150” tədbirləri çərçivəsində bölgələrdə təqdim olunan Xalq yazıçısı İlyas Əfəndiyevin “Qarabağnamə” tamaşasında uğurlu iştiraka görə Xalq artisti Firəngiz Mütəllimovaya, “Ən yaxşı rəssam işi” Azərbaycan Dövlət Kukla Teatrının “Ələddinin sehrli çırağı” tamaşasına görə İqbal Əliyevə, “Akademik Milli Dram Teatrında uşaq rollarının ən yaxşı ifaçısı” nominasiyası üzrə Aylin Həşimovaya, “Teatr irsinin qorunmasındakı xidmətlərinə görə” Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılovaya, “Ən gənc Leyli” Akademik Opera və Balet Teatrının “Leyli və Məcnun” tamaşasında baş rolun ifaçısı Rəvanə Əmiraslanlıya çatdı.
İlk dəfə reallaşan mərasimin ən yaddaqalan məqamı, sözsüz ki, səhnəarxası qəhrəmanların, ölkəmizdə onsuz da sayı olduqca az olan peşəkar texniki işçilərin də təltif olunması idi. “Ən yaxşı işıq rəssamı” kimi Akademik Milli Dram Teatrından Rafael Vaqifoğlu, Gənc Tamaşaçılar Teatrından Vadim Kuskov, “Tamaşalarda mürəkkəb texniki quruluşa görə” isə Akademik Milli Dram Teatrından İsa Əsədov təltif edildilər.
Diqqətə çatdırıldı ki, simvolik ödülün hər il təqdim olunması nəzərdə tutulur.
Teatr bayramı rəngarəng konsert proqramı – Xalq artistləri Gülyanaq Məmmədova, Əməkdar artistlər Elza Seyidcahan və Teymur Əmrahın ifasında musiqi nömrələri ilə davam etdi.
Həmidə Rüstəmova