Azərbaycan Dövlət Kukla Teatrında “Polşanın kukla teatrı sənəti” adlı fotosərgi keçirilib. Martın 13-də açılan sərgi Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Polşanın Bakıdakı Səfirliyinin və teatrın birgə layihəsi əsasında təşkil olunub. Məqsəd iki ölkənin kukla teatrı sənətçilərini, qiyabi də olsa, tanış etmək, birgə yaradıcılıq əlaqələrinin yaranmasına zəmin yaratmaqdır.
Açılışa Meksika, Slovakiya və Çilinin ölkəmizdəki səfirləri, diplomatik korpusun digər təmsilçiləri də qatılıb.
Polşa səfiri Rafal Poborski belə tədbirlərin mədəniyyətlərin qarşılıqlı təbliğinə töhfə olduğunu vurğulayıb, iki ölkə arasındakı mədəni əlaqələrdən söz açıb. Qeyd edib ki, Polşada kukla sənətinin qədim tarixi var, ölkədə dövlət statuslu və müstəqil çoxsaylı kukla teatrı kollektivləri fəaliyyət göstərir.
Azərbaycan mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov da tədbiri dost Polşa Respublikasının teatr, kukla sənəti ilə tanışlıq üçün əla fürsət kimi dəyərləndirib. Bildirib ki, mədəniyyət sahəsində əməkdaşlıqda teatr sənəti hər zaman mühüm rola malikdir.
Qeyd edək ki, beş gün davam edən sərgidə peşəkar fotoqraf Aydın Sadıxovun Varşavadakı “Baj” və Krakovdakı “Groteska” teatrlarında çəkdiyi 20-dən artıq fotoşəkil nümayiş olunub.
Polşada ilk kukla tamaşalarının nümayişi XV əsrə gedib çıxır. Həmin dövrdə kukla ifaçıları küçə və meydanlarda tamaşalar göstərərək bütün ölkəni dolaşırdılar. Hazırda Polşanın, demək olar ki, hər şəhərinin öz kukla teatrı var. Onların ən məşhurları Varşava, Krakov, Lodz, Şetsin, Belostok, Vrotslav, Opole və başqa şəhərlərdə fəaliyyət göstərir.