Yenilənmiş xoreoqrafiyada təqdim olunub

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası Heydər Əliyev Sarayının səhnəsində iki tamaşanı – “Qu gölü” və “Qıpçaq rəqsləri”ni nümayiş etdirib.

Hər iki birpərdəli balet baletmeyster, Rusiyanın Əməkdar artisti Ruslan Proninin təqdimatında və yenilənmiş xoreoqrafiyada təqdim olunub.

Pyotr Çaykovskinin “Qu gölü” baleti görkəmli baletmeyster Yuri Qriqoroviçin özünəməxsus xoreoqrafik üslubunu çox incə hiss olunan bədii-tarixi kontekstdə nümayiş etdirir. R.Pronin tərəfindən birpərdəli pyes formatında reproduksiya edilmiş tamaşa Əməkdar artist Makar Verstandtın ifasında şər dahisi Rotbartın və İlya Manenkovun canlandırdığı qəhrəman şahzadə Ziqfridin səhnədə görünməsi ilə başlayır. Odettanın partiyasını beynəlxalq balet müsabiqələri laureatı Ayan Eyvazova ifa edib.

“Qu gölü” həmçinin ayrı-ayrı nömrələrlə kordebaletdir. Tamaşaçılar Cəmilə Məmmədova, Yuliya Verstandt, Səbinə Hacıyeva və Dilarə Mehdiyevanın ifasında Pitep-İvanovun “Balaca qu quşlarının rəqsi”nin kanonik versiyasına baxa biliblər. Böyük qu quşlarını Əməkdar artist Elmira Süleymanova, Liana Praqa və Samirə Məmmədova oynayıblar. Orkestri teatrın baş dirijoru və musiqi rəhbəri Əməkdar artisti Əyyub Quliyev idarə edib.

Gecənin ikinci hissəsində XX əsrin məşhur rus bəstəkarı Aleksandr Borodinin “Knyaz İqor” operasından “Qıpçaq rəqsləri” təqdim olunub. Operanın ilk nümayişindən böyük populyarlıq qazanan “Qıpçaq rəqsləri” artıq neçə illərdir ayrıca balet tamaşası kimi səhnələri bəzəyir.

Rəqs silsiləsi kaleydoskop şəkilləri kimi tamaşaçının gözləri önündə parlayır. Bu dəfə  Mixail Fokin və Kasyan Qoleyzovskinin üzvi şəkildə birləşmiş xoreoqrafiyası təqdim olunub, onlar tamaşa zalını həssas gözəllik və alovlu enerji mühitinə qərq ediblər. Cariyələrin zərif və çevik rəqsi (“Küləyin qanadlarında uçun”), oxatanların “sıx” rəqsi, döyüşçülərin əzələ-ritmik rəqsi də bu qəbildəndir. Kölə qadın partiyasını Liana Praqa, şıltaq və çılğın xasiyyətli Çağanı ram edən yaraşıqlı döyüşçü Kumanın rəqs-qarşıdurmasını isə Seymur Qədiyev və Fatimə Xələfova ifa ediblər.

Möhtəşəm musiqi palitrası Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə təqdim edilib. Əməkdar artist Sevil Hacıyevanın rəhbərliyi ilə rəqsləri müşayiət edən xor zala süzülən “azadlıq eşqi ilə parıldayan quru çöl havasını” hiss etdirib. Tamaşa sürəkli alqışlarla qarşılanıb.