Bəşər yaranandan, ta Adəmlə Həvvadan başlayan qadın-kişi münasibətləri, haqlı-haqsız, doğru-yanlış, pis-yaxşı kimi təzadlar arasında çalxalanan və günümüzdə gender bərabər(siz)liyi kimi ifadə olunan problem zaman-zaman bədii ədəbiyyatın, oradan səhnəyə, ekrana köçərək teatrın, kinonun da mövzusu olub.

Qazax Dövlət Dram Teatrının martın 12-də Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) səhnəsində təqdim etdiyi “Love butik” tamaşası da bu barədədir. ATXİ-nin Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Qonaq teatr” çərçivəsində göstərilən tamaşa istedadlı yazar Jalə İsmayılın “Ametist xanım və Apatit bəy” pyesi əsasında hazırlanıb.

Tamaşanın quruluş müəllifi isə müasir Azərbaycan teatrında fədakarlıq və sənətə sevgi baxımından seçkin adlardan olan gənc rejissor – bir müddət öncə paytaxtdakı rahat işindən imtina edib Füzuli Dövlət Dram Teatrına (Horadiz şəhəri) gedən Mirzə Nicatdır. Onun bölgə teatrında nə edib-edəcəyi bir yana, elə bu addımının özü təqdirəlayiqdir. Üstəlik, Füzuli teatrının səhnəsində maraqlı quruluşlarını nəzərə alsaq, Qazax teatrının təmsilçiləri ilə də yaxşı iş ortaya qoyacağı gözlənilən idi. Nə yaxşı ki, bu gözləntidə də yanılmadıq.

Yaradıcı heyətə gəlincə, səhnə tərtibatını teatrın baş rəssamı Səyyad Məmmədov, musiqi tərtibatını Vahid Bayramov verib, rejissor assistenti Kəmalə Əyyubovadır. Rolları Əməkdar artist Hacı Hacıyev, aktyorlar Yusif Qoca, Zəmanə Dərviş və Xanım Məmmədova ifa edirdilər.

Tamaşa seyrçiyə sevgi adlı həqiqəti təsvir edir. Çoxdan geyilməyən köhnə-təzə paltarlar arasında təravətini itirməyən sevgi hekayəti ilə. Özü də çox sadə, səs-küysüz, təmtəraqsız.       Rejissor ortayaşlı kişini xəyal aləminə aparıb həqiqətlə üz-üzə qoyur: sevgi fədakarlıqdan daha çox reallığı sevir.

İki gənc – geoloq qadın ilə dramaturq kişi bir-birlərinə dəli kimi aşiq olsalar da, sadə məsələlərdə belə uzlaşa bilmirlər. Qısqanclıq, diqqətsizlik, etinasızlıq, ani yalanlar, keçici inadlar və az qala üzərində mübahisə etdikləri fəsillər kimi tez-tez dəyişirlər: gah ildırım çaxıb, leysan olur, gah külək uğuldayır, gah da sazaq üz-gözlərini dalayır. Sonra yaz günəşi qarları əridir, ilğım kimi damarlarındakı qanı coşdurur. Sonra yenə, haradasa, nə isə hər şeyi dağıdır, cığırları, yolları ot kimi basır.

İllər keçir və bir-birilərindən başqa gözlədiklərinin və gözləntilərinin olmadığını anlayaraq yenidən birləşirlər. Bu dəfə nə qaynar gənclik qalmayıb, nə də alovlu sevgi. Sadəcə, köhnə hisslərin uzaq qaraltısı ilə çıxırlar yola...

Tamaşanın musiqi və işıq həlli, aktyor oyunu, xüsusən əsas qəhrəman Qadının gənclik təsvirini verən aktrisa (Zəmanə Dərviş) tərəf-müqabilləri ilə oyun keçidlərində yaxşı təsir bağışladı. Arada səsi üzərində hakimiyyətini itirib, tamaşaçı ilə rabitədə uduzsa da, oyununa nəzarətini saxladı.

Səciyyəvi ifadə üslubu prinsipi ilə yanaşsaq, Yusif Qoca da qəhrəmanının (Kişi) təsvirində inandırıcı idi.

Maddi-texniki baza, hətta sadə tərtibat sarıdan çətinliklərini bildiyimiz Qazax teatrının quruluşçu rəssamının işi xüsusi qeyd olunmalıdır. Verdiyi tərtibat həlli sayəsində tamaşa asanlıqla stasionarda olduğu kimi, səyyarda da oynanıla bilər. Lap elə ən ucqar kənddə, açıq havada da. Bircə “butik” üçün dörd divar bəsdir.

Ümumilikdə, sevgi alış-verişli “Love butik” paytaxt tamaşaçıları tərəfindən maraqla qarşılandı.

Tamaşadan sonra müəllif Jalə İsmayıl orijinal ədəbi materiala görə, quruluşçu rejissor Mirzə Nicat uğurlu quruluşa görə ATXİ-nin fəxri fərmanı ilə təltif olundular.

Həmidə