Tanınmış ədəbiyyatşünas alim, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Şirindil Alışanlı martın 14-də vəfat edib.
Şirindil Həsən oğlu Alışanlı 1952-ci il oktyabrın 28-də Laçın rayonunun Əhmədli kəndində anadan olub. 1970–1975-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) təhsil alıb. 1977–1980-ci illərdə Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirib. XX əsrin görkəmli estetiki Yuri Borevin rəhbərliyi ilə 1981-ci ildə namizədlik (fəlsəfə doktorluğu) dissertasiyası müdafiə edib.
1976-cı ildən Azərbaycan EA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda müxtəlif vəzifələrdə işləyib. 1991-ci ildə “Sabah” nəşriyyatını təsis edib, 1993–1998-ci illərdə AMEA-nın mətbu orqanı “Elm” qəzetinin baş redaktoru, 1997–2014-cü illərdə “Elm: redaksiya, nəşriyyat və poliqrafiya mərkəzi”nin direktoru olub.
10-dan artıq kitabın, 200-dən artıq elmi məqalənin müəllifi olan Şirindil Alışanlı bir sıra mötəbər beynəlxalq elmi jurnalların və çoxcildlik nəşrlərin redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərib. Onun rəhbərliyi ilə 10 nəfər filologiya üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edib.
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərini üzvü idi.
Allah rəhmət eləsin.