Azərbaycan Dillər Universiteti (ADU) Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri filologiya elmləri doktoru Elçin İbrahimovun özbəkcəyə tərcümə edilmiş “Türk xalqlarının ortaq əlifbası, imlası və ünsiyyət dili” kitabı Özbəkistanda çap olunub.
ADU-dan bildirilib ki, türkoloqlar, dilçi alimlər, filologiya fakültəsinin bakalavr, magistrantı və doktorantlar üçün nəzərdə tutulan monoqrafiya Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin və Özbəkistan Nazirlər Kabineti yanında Dövlət Dilini Təkmilləşdirmə Mərkəzi Elmi-metodik şurasının qərarı ilə çapa tövsiyə edilib.
Kitabda türk xalqları arasında əlifba islahatları istiqamətində görülən işlər, XX əsrin başlanğıcından günümüzə qədər davam edən proseslər araşdırılıb. Türklər arasında ortaq ünsiyyət dilinin formalaşdırılması istiqamətində əlifba və orfoqrafiya problemləri elmi-nəzəri aspektdə tədqiq olunub. Əsərdə türk xalqlarının ortaq və ümumi əlifbaya keçməsi yollarının müəyyənləşdirilməsi, ortaq ünsiyyət dili üçün imla məsələlərinin yenidən aktuallaşması kimi məqamlar öz əksini tapıb. Türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əlaqələrin gücləndiyi bir vaxtda çap olunan monoqrafiya bu sahədə problemləri və perspektivləri aydın şəkildə ortaya qoyması baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, kitabın elmi redaktoru və ön sözünün müəllifi filologiya elmləri doktoru, professor İnamjan Azimov, tərcüməçisi isə filologiya üzrə fəlsəfə doktoru, dosent F.Bobojonovdur.