“Azərbaycanım” VII Beynəlxalq Uşaq və Gənclər Rəsm Festivalı başlanıb

 

28 May – Respublika Günü münasibətilə  VII “Azərbaycanım” Beynəlxalq Uşaq və Gənc Rəsm Festivalına start verilib. Eyni zamanda festival çərçivəsində müsabiqə elan olunub.

Festival Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzi, Beynəlxalq Sulu boya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi və Beynəlxalq Sulu boya Cəmiyyəti Xətai Uşaq Sənəti Qalereyasının təşkilatçılığı ilə keçirilir.

İlk dəfə beynəlxalq formatda təşkil olunan ənənəvi festivalın məqsədi uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və akvarel texnikası ilə çəkilmiş əsərlərə ictimai marağın artırılmasına töhfə verməkdir.

8-21 yaş arası Azərbaycan və xarici ölkə vətəndaşları olan uşaq, yeniyetmə və gənclər 2024-cü il aprel ayının 10-dək iştirakçı anketi tamamlayaraq artfestival2024@gmail.com elektron ünvanına göndərməklə müsabiqəyə qatıla bilərlər.

Əsərlər tək-tək göndərilməli, məlumatlar dolğun olmalıdır. Hər bir iştirakçı ən çox 3 əsərlə müsabiqəyə qatıla bilər, lakin seçimlərdən sonra hər müəllifin yalnız bir əsəri dəvət olunacaq. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və fərdi düşüncəyə üstünlük veriləcək.

Müsabiqə və festivalda iştirak ödənişsizdir. Əsəri seçilən xarici ölkə vətəndaşı özhesabına sərgilərdə və festivalda iştirak edə bilər.

Seçim 3 yaş kateqoriyası üzrə (8-12, 13-16 və 17-21 yaş) aparılacaq.

Festival-müsabiqə haqqında ətraflı məlumat almaq üçün 051-310-74-01 nömrəsi (vatsap) ilə əlaqə saxlaya bilərsiniz.

Festivalın media dəstəkçiləri arasında “Mədəniyyət” qəzeti də var.