Elmi-praktik konfransın materiallarında Əlyazmalar İnstitutu əməkdaşlarının da məruzələri yer alıb

 

Görkəmli ədəbiyyatşünas-alim, Əməkdar elm xadimi, akademik Həmid Araslının 115 illiyinə həsr olunmuş elmi-praktik konfransın materialları çapdan çıxıb.

Xatırladaq ki, “Akademik Həmid Araslı və Azərbaycan ədəbiyyatşünaslığı” mövzusunda konfrans Gəncə Şəhər İcra Hakimiyyəti, Elm və Təhsil Nazirliyi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və akademiyanın Gəncə Bölməsinin birgə təşkilatçılığı ilə bu ilin 6 mart tarixində keçirilmişdi.

AMEA-nın Gəncə Bölməsi tərəfindən nəşrə hazırlanan topluda M.Füzuli adına Əlyazmalar İnstitutunun bir neçə əməkdaşının da məqaləsi yer alıb. İnstitutun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadənin “Həmid Araslı Nizami Gəncəvinin türklüyü haqqında”, şöbə müdiri, fil.ü.f.d. Elnurə Babayevanın “Həmid Araslı Əbdürrəhman Cami yaradıcılığı barədə”, böyük elmi işçi Rəna İskəndərlinin “Həmid Araslı və Şəmsəddin Saminin Azərbaycan ədəbiyyatşünaslığındakı xidmətləri”, baş mütəxəssis İlahə Ələkbərovanın “Həmid Araslı Saib Təbrizi yaradıcılığı barədə”, böyük elmi işçi Rüxsarə Məmmədovanın “Həmid Araslı mətnşünas alim kimi tədqiqatlarda” və elmi işçi Pərvanə Teyyubovanın “Həmid Araslı tədqiqatında Tofiq Fikrət yaradıcılığı” adlı məruzələrinin tam mətni topluda verilib.