Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub.
Qonaqlar institutun Ekspozisiya zalında sərgilənən qədim və nadir əlyazma nümunələri ilə tanış olublar, onlara elmi-tədqiqat müəssisəsinin fondunda mühafizə olunan yazılı abidələr, nadir eksponatlar barədə ətraflı məlumat verilib.
Türkiyəli alimlər institutun fondlarındakı nadir və daha qiymətli materiallar, avtoqraf nüsxələri, onların tədqiqi və nəşrə hazırlanması işi ilə də yaxından tanış olublar. Əlyazmalar İnstitutunun alimləri onları maraqlandıran sualları cavablandırıb.
Daha sonra qonaqlar dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi münasibətilə yaradılan tematik guşəyə və şairin əsərlərinin əlyazma nüsxələrindən ibarət sərgiyə baxıblar.
Sonda Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar Əlyazmalar İnstitutunun xatirə kitabına ürək sözlərini yazıb.