Türk Dil Qurumu tərəfindən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna 200-ə yaxın kitab hədiyyə olunub.
Martın 14-də Dilçilik İnstitutunda dilçiliyin müxtəlif sahələrini əks etdirən həmin kitabların sərgisi keçirilib.
Sərgidə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkər, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri professor Dərya Örs, Türk Dil Qurumunun rəhbəri professor Osman Mert, Türk Tarix Qurumunun rəhbəri professor Yüksel Özgen, Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli və başqaları iştirak ediblər.
Daha sonra institutda türkiyəli qonaqların iştirakı ilə tədbir keçirilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbirdə çıxış edərək qonaqları salamlayıb. O, Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsinin elm sahəsində əməkdaşlığa da geniş meydan açdığını söyləyib.
İsa Həbibbəyli Türk Dil Qurumunun rəhbəri Osman Mertin Azərbaycan-Türkiyə elmi əlaqələrinin inkişafındakı xidmətlərinə görə Dilçilik İnstitutunun "Fəxri professor"u seçildiyini diqqətə çatdırıb, bu münasibətlə türkiyəli alimi təbrik edib.
Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Osman Mertin müasir türkologiyanın əsas simalarından biri olduğunu vurğulayıb. Qeyd edib ki, o, Azərbaycan dilinə, dilçilik elminə sevgisi olan ziyalılardandır. Direktor "Fəxri professor" diplomunu qonağa təqdim edib.
Osman Mert ona göstərilən diqqətə görə AMEA prezidentinə və Dilçilik İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirib. O, bundan sonra da Türkiyə ilə Azərbaycan arasında elmi əlaqələrin gücləndirilməsinə çalışacağını deyib.
Sonda qonaqlar Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Mehmet Akif Ərsoy adına Türkiyə Ədəbiyyatı Mərkəzi ilə tanış olublar.