M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Beynəlxalq Poeziya Gününə (21 mart) həsr olunmuş tədbir keçirilib.

NMR Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə muxtar respublikanın qələm sahibləri və poeziya həvəskarları iştirak ediblər.

Əvvəlcə nazirliyin baş məsləhətçisi Aygün Heydərli çıxış edərək 25 ildir bütün dünyada qeyd olunan əlamətdar günün tarixi haqqında məlumat verib. Deyib ki, bu günün tarixi 1997-ci ildə Türkiyənin tanınmış mədəniyyət xadimi, şair Tarik Günerselin Beynəlxalq Poeziya Gününün qeyd olunması barədə təklif irəli sürməsi ilə başlayıb. 1999-cu ildə UNESCO tərəfindən martın 21-i Beynəlxalq Poeziya Günü elan olunub. Ölkəmizdə bu gün 2007-ci ildən qeyd edilir.

Vurğulanıb ki, “Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza, birinci növbədə, ədəbiyyatdan gəlir”, – deyən Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan ədəbiyyatının inkişafına, təbliğinə, dünyada tanıdılmasına çalışıb, qələm sahiblərini himayə edib, əsərlərinin çap edilməsinə, sosial vəziyyətlərinin yaxşılaşdırılmasına, fəxri ad və mükafatlarla təltif olunmalarına həssaslıqla yanaşıb. Dövlətimizin başçısı İlham Əliyevin imzaladığı sərəncamlarla onlarla görkəmli şair və yazıçının yubileyləri dövlət səviyyəsində qeyd edilir, əsərləri çap və təbliğ olunur.

NMR Yazıçılar Birliyinin sədri Əməkdar mədəniyyət işçisi Asim Əliyev dünyanın, eləcə də ölkəmizin tanınmış şairlərini yada salıb, onların yaradıcılığından nümunələr səsləndirib, ədəbiyyatımızın inkişaf mərhələləri haqqında fikirlərini bölüşüb.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova diqqətə çatdırıb ki, bu günün qeyd edilməsinin məqsədi milli, regional və beynəlxalq poetik hərəkata yeni təkan verməkdir.

Sonra qələm sahibləri öz şeirlərini səsləndiriblər. Sonda kitab sərgisinə baxış olub.