Olaylar, faktlar (18 – 22 mart)
196 il əvvəl...
20 mart 1828-ci ildə çar I Nikolay Türkmənçay müqaviləsini (10 fevral 1828-ci il) təsdiq edib və Rusiyaya birləşdirilən İrəvan və Naxçıvan xanlıqları ərazisində “Erməni vilayəti”nin yaradılması barədə fərman verib. “Erməni vilayəti” 1840-cı ildə İrəvan qəzası adı ilə Tiflis-İmereti quberniyasının tərkibinə daxil edildi. 1849-cu ildə İrəvan quberniyası (1917-ci ilədək) təşkil edildi.
123 il əvvəl...
18 mart 1901-ci ildə Rusiya hökuməti imperiyanın mərkəzi vilayətlərindən Azərbaycan ərazisinə – Mil və Muğan düzlərinə 40 min kəndlinin köçürülməsi barədə qərar qəbul edib. Köçürülmə nəticəsində Azərbaycanın bu bölgələrində onlarla rus yaşayış məntəqəsi yarandı.
109 il əvvəl...
18 mart 1915-ci ildə I Dünya müharibəsində Osmanlı ordusu ilə ingilis-fransız qoşunlarının üz-üzə gəldiyi Çanaqqala savaşının (Gelibolu yarımadası) əsas mərhələsi (dəniz savaşı) türklərin zəfəri ilə başa çatıb. Bir ay ərzində Çanaqqala limanını müdafiə edən Osmanlı qoşunları düşmən qüvvələrini geri oturdub. Çanaqqalada quru döyüşləri 1916-cı ilin yanvarınadək sürdü. Ümumilikdə 1915-ci ilin 19 fevralından 1916-cı ilin 9 yanvarınadək (o cümlədən aprel 1915 – yanvar 1916 quru döyüşləri) davam edən Çanaqqala savaşında Osmanlı ordusu döyüş meydanında 56 min şəhid vermiş, 100 mindən çox hərbçi yaralanmışdı. Onlardan təxminən 20 mini sonradan xəstəxanalarda dünyasını dəyişdi. İttifaq (Antanta) qoşunlarının ölü sayı 50 minə yaxın idi.
106 il əvvəl...
18 mart 1918-ci ildə erməni quldur dəstələri Şamaxıda azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlara başlayıb. Bir neçə gündən sonra azərbaycanlı əhaliyə qarşı qətliamlar İrəvandan Bakıyadək əksər bölgələri əhatə etdi.
104 il əvvəl...
21 mart 1920-ci ildə Qarabağda və Gəncəbasarda erməni silahlı dəstələri Xalq Cümhuriyyətinə qarşı qiyam qaldırıb. Bu arada Azərbaycanın şimal sərhədi yaxınlığında Rusiyanın XI ordusu ölkəyə müdaxiləyə hazırlaşırdı.
79 il əvvəl...
22 mart 1945-ci ildə Misirin paytaxtı Qahirədə Ərəb Dövlətləri Liqası yaradılıb. Təsis konfransında 7 dövlət (Misir, İraq, Suriya, Livan, Səudiyyə Ərəbistanı, İordaniya, Yəmən) iştirak edirdi. Sonrakı illərdə digər ərəb dövlətləri də təşkilata qoşuldu.
68 il əvvəl...
20 mart 1956-cı ildə Fransanın Şimali Afrikadakı müstəmləkəsi olan Tunis müstəqillik əldə edib. XVI əsrdən Osmanlı imperiyasının tərkibində olan Tunis 1881-ci ildən Fransanın protektoratlığına keçmişdi.
30 il əvvəl...
19 mart 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında terror aktı törədilib. Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb.
21 il əvvəl...
20 mart 2003-cü ildə ABŞ və Böyük Britaniya qoşunları Səddam Hüseyni devirmək üçün İraqa qarşı müharibəyə başlayıblar. Üç həftə sonra, aprelin 9-da Səddam rejimi devrildi, müharibə isə illərlə davam etdi.
Hazırladı: V.Orxan