Xarici ölkələrdəki nümayəndəliklərimizin Novruz şənlikləri
Baharın müjdəçisi olan Novruz Mərkəzi və Cənubi Asiyadan Qafqaz və Balkan ölkələrinə qədər geniş ərazidə qeyd edilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayır, bu münasibətlə şənliklər keçirir, onu yeni ilin başlanğıcı kimi bayram edirlər.
Ənənələrinin və mərasimlərinin zənginliyinə və geniş coğrafiyanı əhatə etdiyinə görə Novruz artıq beynəlxalq bayrama çevrilib. 2009-cu il sentyabrın 30-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin sessiyasında (Əbu-Dabi, Birləşmiş Ərəb Əmirlikləri) Novruz ölkəmizin də təşəbbüsü və dəstəyi ilə Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Həmin nominasiya yeddi ölkə adından (Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan, İran, Pakistan, Hindistan) təqdim edilmişdi.
2016-cı ilin 2 dekabrında isə UNESCO-nun Hökumətlərarası Komitəsi (Əddis-Əbəbə, Efiopiya) Novruzla bağlı daha geniş, bu dəfə 12 ölkəni (Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, İran, İraq, Əfqanıstan, Pakistan, Hindistan) əhatə edən çoxmillətli nominasiya faylını qəbul etdi.
Bundan əlavə, 23 fevral 2010-cu ildə BMT Baş Assambleyası 21 martı “Beynəlxalq Novruz Günü” elan edib.
Hər il olduğu kimi, bu il də Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, mədəniyyət mərkəzləri dost ölkələrin diplomatik nümayəndəlikləri və diasporlarının da iştirakı ilə Novruz şənlikləri keçirirlər.
Belə tədbirlərdən biri Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində təşkil edilib. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək Novruz bayramının mahiyyəti, daşıdığı ümumbəşəri dəyərlərdən danışıb, onun dostluq, mehribanlıq, mədəniyyət bayramı olduğunu deyib.
Tədbirə milli geyimdə gələn səfir bildirib ki, təbiətin oyanışından, yenilənməsindən xəbər verən, bolluğun, bərəkətin təcəssümü olan Novruz milli-mənəvi dəyərlərimizin də daşıyıcısıdır. Diplomat onu da diqqətə çatdırıb ki, bu il Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək. Bu münasibətlə Prezident İlham Əliyev 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edib. İnsanlara təbiətlə harmoniyada yaşamağı aşılayan Novruzun dəyərləri COP29-un çağırışı ilə üst-üstə düşür.
Tədbir konsert proqramı ilə davam edib.
Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı, Azərbaycan səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Parisdə fəaliyyət göstərən “Natəvan” məktəbinin şagirdlərilə Novruz bayramı qeyd olunub. Səfir L.Abdullayeva məktəbin müəllim kollektivini, şagirdləri, onların valideynlərini təbrik edib. “Natəvan” məktəbi şagirdlərinin bayram münasibətilə hazırladıqları ədəbi-musiqili proqram nümayiş olunub. Novruza, baharın şəninə şeirlər, mahnılar, rəqslər ifa edilib, səhnəciklər göstərilib.
***
Azərbaycanın Londondakı səfirliyində xanımlar üçün Novruz bayramı münasibətilə şənlik təşkil olunub. Tədbirə müxtəlif ölkələrin xanım diplomatları, Britaniya parlamentinin üzvləri, yerli ictimaiyyətin, Azərbaycan, Türkiyə və Orta Asiya ölkələrinin diaspor nümayəndələri, Londonda təmsil olunan digər icmaların üzvləri iştirak ediblər.
Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov Novruzun insanları birləşdirən bayram olması, bu bayramın Azərbaycan xalqının tarixi yaddaşındakı yeri barədə danışıb.
Səfirliyin əməkdaşları Lalə Talıbova, Günel Səlimova və Nahidə Hüseynova Novruz bayramının qədimliyi və ümumbəşər dəyərləri, ritual və qaydaları haqqında danışıb, bayramın Azərbaycanda qeyd edilməsinin rəngarəngliyini diqqətə çatdırıblar.
Rəqqasə Səkinə Muxtarlının ifasında Azərbaycan milli rəqsləri, pianoçu Vüsalə Babayevanın ifasında musiqi proqramı maraqla qarşılanıb.
Qonaqlar Azərbaycan mətbəxi nümunələrinin, Novruz şirniyyatlarının dadına baxıblar.
***
Avstriyada əsasən diplomatik korpusun fəaliyyətindən bəhs edən “Society“ dərgisinin təşkilatçılığı ilə ölkənin Milli Kitabxanasında Novruz bayramı münasibətilə tədbir keçirilib. Şənliyə Novruzun milli bayram kimi qeyd olunduğu ölkələrin nümayəndələri qatılıblar.
Tədbirdə ölkəmizi Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib. Azərbaycan guşəsində xalqımızın əziz bayramı Novruz barədə materiallarla yanaşı, Azərbaycana səyahət üçün məlumatlandırıcı kitabçalar, eləcə də mədəniyyətimiz, tariximiz, mətbəximiz, musiqi və adət-ənənələrimiz barədə materiallar təqdim olunub. Xüsusi ekranda isə Azərbaycana həsr edilmiş videoçarxlar nümayiş olunub.
Kulinariya bölməsində isə ölkələr öz milli mətbəxlərini təqdim ediblər. Burada da tədbir iştirakçıları Azərbaycanın milli təamlarına qonaq ediliblər.
Tədbirin bədii hissəsində Azərbaycan, Qazaxıstan, İraq, İran və Əfqanıstan musiqiçiləri səhnəyə çıxıblar. Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupu da xüsusi proqramla çıxış edib. Azərbaycan ifaçılarının təqdimatı sürəkli alqışlara səbəb olub.