Tatarıstan Respublikasında (RF) ilk kinematoqrafiya təşkilatı “Tatarkino”nun 100 illik yubileyi qeyd olunub.

Yubiley münasibətilə  Özbəkistan, Qazaxıstan, Tacikistan, Belarus, Qırğızıstan və Azərbaycanın kinostudiya rəhbərlərinin Kazana səfəri təşkil edilib.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov da yubiley tədbirində iştirak edib.

Əvvəlcə “Birgə istehsal kino sənayesinin inkişafının aparıcı amili kimi” adlı dəyirmi masa ilə tədbirlərə start verilib. Dəyirmi masada MDB ölkələrinin kinostudiyaları arasında əməkdaşlıq əlaqələri müzakirə olunub.

Tədbir çərçivəsində kinostudiya rəhbərləri Tatarıstanın mədəniyyət naziri İrada Ayupova ilə görüşüblər. Görüşdə MDB ölkələri və Gürcüstan kinostudiyalarını birləşdirəcək beynəlxalq qurumun fəaliyyəti ilə bağlı müzakirə aparılıb.

Sonra tatarıstanlı rejissor və prodüserlər, eyni zamanda kino mütəxəssisləri və mədəniyyət müəssisələrinin rəhbərləri ilə Kazan Dövlət Mədəniyyət İnstitutunda görüş keçirilib. “Tatarkino”nun direktoru, institutda Kino və televiziya rejissorluğu kafedrasının professoru Milyauşa Aytuqanova birgə istehsalın hazırda qlobal tendensiya olduğunu vurğulayıb. “MDB ölkələri yüksəkkeyfiyyətli məhsul yaratmaq üçün güclərini birləşdirir, birgə filmlərin təbliği, ekran əsərlərinin yayımı imkanlarının genişləndirilməsi və keyfiyyətli tamaşaçı auditoriyasının tapılması üzərində işləyirlər”, – deyə M.Aytuqanova bildirib.

Lalə Azəri