Mart ayında Azərbaycan teatr sənətinə də aid üç bayram var. Soruşa bilərsiniz ki, 10 mart – Milli Teatr Günü, 27 mart – Beynəlxalq Teatr Günü, bunları bildik, bəs üçüncüsü? Bəli, üçüncüsü də var. 14 mart – Sumqayıt Dövlət Dram Teatrının doğum günü. Düz 55 il əvvəl çox gənc bir şəhərdə, 20 yaşlı Sumqayıtda teatr fəaliyyətə başladı.

Əslində, gənclik şəhərində peşəkar teatrın açılması barədə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı və Mədəniyyət Nazirliyinin sərəncamı hələ 1968-ci ilin sentyabr ayında verilmişdi. Amma H.Ərəblinski adına Sumqayıt Dövlət Gənclər Teatrı 1969-cu il martın 14-də ilk dəfə tamaşaçılarla görüşə gəldi. Milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası (quruluşçu rejissor Xalq artisti Cənnət Səlimova) ilə pərdələrini açan teatr o gündən bu günə bir çox çətinliklərdən, uğurlardan keçərək 55 yaşına yetişib.

Martın 14-də teatr yubiley yaşını öz şəhər sakinləri ilə birlikdə qeyd etdi. Səhnəyə çıxan gənc aktyorlar Aynur Hümbətova və Elay Xasıyev salona toplaşan şəhər İcra Hakimiyyətinin təmsilçilərini, müəssisə və təşkilatların nümayəndələrini, teatrsevərləri salamlayaraq, 55 yaşlı teatrın tarixi  barədə qısa məlumat verdilər. Sonra teatrın repertuarındakı “Sevgilim Sumqayıt” tamaşası oynanıldı.

Əməkdar incəsənət xadimi Əli Əmirlinin əsəri həyat yoldaşının xəyanətindən, valideynlərinin qınağından, üç ayın gəlini olub boşandığına görə el-obanın tənəsindən qaçaraq Sumqayıta pənah gətirən Ceyran adlı safqəlbli gənc qadının taleyindən bəhs edir. Tamaşaçı Xalq artisti Firudin Məhərrəmovun psixoloji dram janrında qurduğu səhnə əsərində yeganə oğlunu böyütməklə yanaşı, işləməkdən yorulmayan, şəhid anası mərtəbəsinə yüksələn və şəhərin fəxri vətəndaşı adına layiq görülən Ceyranın taleyini onun öz dilindən nəvəsi Sumqayıta danışarkən eşidir və görür. Tamaşa nənə Ceyranın şəhərin 75 illik yubiley tədbirindəki təntənəli çıxışı ilə bitir.

“Sevgilim Sumqayıt” tamaşasının quruluşçu rəssamı Elşən Hacıyev, musiqi tərtibatçısı Telman Qəniyevdir. Rolları Əməkdar artistlər Növrəstə Həşimova (Ceyran nənə), Sədaqət Nuriyeva (Gəlin), Cəlal Məmmədov (Cəlal), Xatirə Süleymanova (Ana), aktyorlar İlahə Səfərova (gənc Ceyran), Kamran Muradlı (Sumqayıt), Vəfa Qurbanova (Ellada) və Gülnarə Qədirova (Dərzi) oynayırlar.

Tamaşadan sonra şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov səhnəyə çıxaraq teatrın kollektivini yubiley münasibətilə təbrik etdi, mədəniyyətə dövlət qayğısından danışaraq, Sumqayıt teatrının yaradıcı heyəti haqqında ürəkaçan fikirlər söylədi, sakinləri doğma teatrını tamaşalarını davamlı olaraq izləməyə çağırdı. O, bu il həm də Sumqayıtın 75 yaşının noyabr ayında tədbirlər silsiləsi ilə qeyd ediləcəyini diqqətə çatdırdı.

Bayram varsa, deməli, mükafatlar da olacaq. İcra başçısı bütün yaradıcı heyətin mükafat və təltiflərə layiq olduğunu vurğuladı, aktyorlar Habil Xanlarov, Rövşən Əsgərov, Siyavuş Mahmudov, Ceyhun Məhərrəmov və Yalçın Səlimova fəxri fərmanlar  təqdim etdi.

Bu da son deyildi. “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunmuş şəhər ağsaqqalları – şəhərin ictimai, sosial-mədəni həyatına töhfələr vermiş Əvəz Mahmud, Sovet Şükürov və Təbrik Quliyev səhnəyə dəvət edildi və onların medalları təqdim edildi.

Bayram tədbirinin sonunda icra başçısı hər kəsi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi.

Gülcahan Mirməmməd