Nüvəsində milli dəyərlərimiz, mədəni-mənəvi zənginliyimizlə yanaşı mükəmməl bir tamaşa, mizan, xəlqi səhnə işi də olan Novruz gəlir. Baharın gəlişi, təbiətin oyanışı, insanın təbiətlə təmasının təntənəsi olan bayramın həm də bir həftə sürən istirahət günləri var. İstirahətin ən yaddaqalanı isə mədəni istirahətdir. Bunu nəzərə alaraq biz də teatr-tamaşa müəssisələrinin 20-26 mart tarixlərini əhatə edən repertuarını bir araya gətirdik.
***
20-25 mart tarixlərində Akademik Milli Dram Teatrında uşaqlar üçün “Sehrli buta” tamaşası təqdim olunacaq. Səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Emil Əskərov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Xanım Həsənovadır. Tamaşada Əməkdar artistlər Mehriban Xanlarova, Əlvida Cəfərov, aktyorlar Rəşad Bəxtiyarov, Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə, Firuzə Balayeva, Elsevər Rəhimov, Tural İbrahimov, Rüstəm Rüstəmov, Elçin Əfəndi, Şəhla Əliqızı, Lalə Süleymanova, Ramin Şıxəliyev, Vüsal Mustafayev çıxış edirlər.
Akademik Musiqili Teatrın səhnəsində 22 martda yazıçı-dramaturq Əmir Pəhləvanın “Sevənlərindir dünya” əsəri əsasında hazırlanan ikihissəli məzhəkə nümayiş olunacaq. Məişət komediyasının quruluşçu rejissoru Elməddin Dadaşovdur. Ertəsi gün Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyası səhnədə olacaq. Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi tamaşada Məşədi İbad rolunu Əməkdar artist Şövqi Hüseynov ifa edəcək. 24 martda isə tamaşaçıları “Paris Notr-Dama ithaf” (quruluş: Samir Qulamov) gözləyir.
***
Akademik Rus Dram Teatrı bayram günlərində uşaqlar üçün tamaşalara üstünlük verib. Martın 23-də A.Puşkinin “Balıqçı və balıq haqqında nağıl”ı əsasında tamaşa göstəriləcək. Quruluşçu rejissor Raulya Türkan, səhnə tərtibatçısı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur. Martın 24-də “Ələddin, şahzadə Jasmin və sehrli çıraq cininin sərgüzəştləri” oynanılacaq. Bu tamaşanın da quruluşu və xoreoqrafik həlli R.Turkana, səhnə tərtibatı A.Fyodorova, musiqi tərtibatı V.Neverova aiddir.
***
Dövlət Pantomima Teatrı tətil günlərində repertuarından son illərin iki maraqlı səhnə nümunəsini göstərəcək. 23 martda Səbinə Hacıyevanın “Dejavü”, 24 martda isə Nargilə Qəribovanın “Adsız” tamaşaları oynanılacaq.
***
Gənc Tamaşaçılar Teatrı həm uşaqları, həm də böyükləri nəzərə almağa çalışıb. Martın 22-də teatrın işi – “Tıq-tıq xanım” səhnədə olacaq. A.Şaiqin nağılı əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rəssamı Mustafa Mustafayevdir. Səhnə əsərində Aydan Həsənzadə, Xəyalə Qasımova, Nuranə Hüseynova, Aybəniz Heydərova, Könül Əbilova, Fəridə Qurbanova və b. iştirak edirlər.
Martın 23-də Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi “Göyçək Fatma” nümayiş olunacaq. Nağıl-tamaşada əsas rolları Xalq artistləri Nübar Novruzova, Naibə Allahverdiyeva və aktrisa Asya Atakişiyeva ifa edirlər. 24 martda tamaşaçıları M.F.Axundzadənin “Hekayəti-xırs-quldurbasan”ı (quruluş: Xalq artisti C.Səlimova) gözləyir. Əsas rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Şövqi Hüseynov, Gülər Nəbiyeva və Nofəl Vəliyev ifa edirlər.
***
Azərbaycan Dövlət Kukla Teatrında 20 martda “Tıq-tıq və Taq-taqın nağılı” (quruluş: Əməkdar artist Qurban Məsimov) və rus dilində “Durna balığı” (quruluş: Anar Məmmədov) tamaşaları göstəriləcək. 21 mart günü xalq nağılı əsasında Q.Məsimovun quruluş verdiyi “Yeddi nar çubuğu” və “Çipollino” (rus dilində; quruluşçu rejissor Yelena Matsxanaşvili) göstəriləcək.
Martın 22-də repertuarda “Cırtdan”, “Üç cəsur”, ayın 23-də “Maşa və Ayı”, “Ələddinin sehrli çırağı”, martın 24-də “Qırmızıpapaq”, “Durna balığı” var. 25 martda yolunu bu teatrdan salanlar “Məlikməmməd” və “Pişiyin evi”, 26 martda isə “Düyməcik” və “Gözəl və Bədheybət” tamaşalarına baxmaq imkanı qazanacaqlar.
***
Şuşa Dövlət Musiqili Dram Teatrı martın 16-dan 25-dək hər gün uşaqlar üçün “Nar ağacı” tamaşasını göstərir. “Məlikməmməd” nağılı əsasında Ağəddin Babayevin pyes halına saldığı nümunəyə teatrın rejissoru Lalə Şirinova quruluş verib. Bayram günləri teatrda “Elimizə bahar gəlir” adlı şənliklər də keçiriləcək.
***
Bayram istirahətini paytaxtdan kənarda keçirəcək teatrsevərlər üçün də zəngin sənət menyusu var.
Sumqayıt Dövlət Dram Teatrının Novruz şənliyi martın 18-dən 23-dək davam edəcək.
Lənkəran Dövlət Dram Teatrı xalq bayramına “Yaxşılığa yaxşılıq”la qoşulur. Günay Səlimsoyun Miraslan Ağayevin pyesi əsasında hazırladığı tamaşanın mövzusu xalq nağılından götürülüb.
Gəncə Dövlət Kukla Teatrı martın 16-dan 26-dək “Novruzun Baharı” adlı ədəbi-bədii, musiqili bayram tamaşası nümayiş etdirəcək.
Qusar Dövlət Ləzgi Dram Teatrının bayram repertuarında bu dəfə “Saçları səməni oğlan” var.
Ağdam Dövlət Dram Teatrı da Novruz sevincini tədbir-tamaşa ilə nümayiş etdirməyə hazırlaşır.
Mingəçevir Dövlət Dram Teatrında 20-21 mart tarixlərində Arzu Soltanın “Fidan və Qoğal” əsərinin motivləri əsasında hazırlanan tamaşa (quruluş: İntiqam Soltan) nümayiş olunacaq.
Füzuli Dövlət Dram Teatrı 20, 21, 22 mart tarixlərində Vaqif Vəliyev və Şəlalə Kərimovanın birgə işi olan “Novruz sərgüzəştləri”ni, martın 23-də Xaqani Əliyevin müəllif işi “Molla Nəsrəddin”i, 25-26 martda isə Ələsgər Qurbanovun “Tənbəl Əhməd” tamaşalarını göstərəcək.
Naxçıvan Dövlət Milli Dram Teatrının “Cırtdan Novruza gəlir” adlı bayram tamaşasının ssenari müəllifi və rejissoru Qabil Əkbərovdur.
Naxçıvan Dövlət Kukla Teatrında 20, 21 və 25 martda “Saçlari səməni oğlan”, 22 martda “Keçinin qisası”, 23 martda “Göyçək Fatma”, 24 martda “Qoğalın sərgüzəşti”, 26 martda isə “Tıq-tıq xanım” tamaşaları nümayiş olunacaq.
Həmidə Nizamiqızı