Uzun illər davam edən müzakirələrimiz zamanı biz həmişə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışırdıq. İndi, artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Beləliklə, ölkənin ərazisi üzərində tam suverenlik bərpa edilib və bu, uzunsürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsidir. Münaqişə hərbi-siyasi yolla həll edilib. Biz BMT Nizamnaməsinə əsasən, özünümüdafiə hüququmuzdan istifadə etdik.
Prezident İlham Əliyev bu sözləri martın 17-də Bakıda NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşdən sonra mətbuata bəyanatında deyib.
Dövlət başçısı vurğulayıb ki, hazırda isə biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik: “Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq.
Bu gün isə hesab edirəm və ümidvaram ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticəsində bu mövzuda, nəhayət, nəticə əldə ediləcək. Zənnimcə, bu, Cənubi Qafqazda çox ciddi dəyişiklik olacaq. Bu isə o deməkdir ki, burada çoxdandır gözlənilən sülh bərqərar olacaq”.