Novruz bayramı ölkəmizin digər bölgələrində olduğu kimi, Qarabağda da doğma sakinlər tərəfindən qeyd edilir.

Laçın sakinləri 32 ildən sonra baharın gəlişini doğma yurdlarında qarşılayırlar. Novruzun sonuncu çərşənbəsi Torpaq çərşənbəsi (19 mart) münasibətilə Həkəri çayının kənarında təşkil edilən bayram tədbirində həm də “Can Laçın” adlı Novruz yarmarkası keçirilib.

Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda Xüsusi Nümayəndəliyi, “Bakı Abadlıq Xidməti” MMC və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bayram tədbirində rəsmi şəxslər, Laçın sakinləri, Laçında tikinti və abadlıq işlərində çalışanlarla bərabər qonaqlar da iştirak ediblər.

Novruz yarmarkasında Laçında ərsəyə gələn məhsullar, eləcə də respublikanın tanınmış sənətkarların əl işləri sərgilənib. Bayram tədbirində həmçinin milli adətlərimizə uyğun müxtəlif əyləncəli proqramlar nümayiş olunub.

***

Laçın rayonu Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbində Novruz şənliyi keçirilib.

Tədbirdə məktəbin kollektivi ilə bərabər, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Hüseyn Quliyev, Şərqi Zəngəzur İqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, hüquq mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi anılıb.

Novruz şənliyində qədim məişət əşyalarının, toxuculuq və əkinçilik alətlərinin, saxsı və mis qabların, digər sənət nümunələrinin təqdim edildiyi sərgi maraqla qarşılanıb.

Milli geyimli məktəblilər Keçəl və Kosa obrazlarını canlandırıblar. Həmçinin açılan bayram süfrəsi şəkərbura, paxlava, qoğal və digər şirniyyatlarla bəzədilib. Şagirdlər yumurta döyüşdürüb, oyunlar oynayıb, rəqslər ediblər.

Novruz bayramı və çərşənbələr haqqında ətraflı məlumat verilib. Təkcə Novruzun deyil, digər çərşənbələrin də adət-ənənələrimizə uyğun olaraq illər öncə Zabux kəndində necə keçirildiyi barədə danışılıb.

Sonra məktəbin həyətində tonqal qalanıb. Novruz tonqalını İkinci Qarabağ müharibəsi qazisi Taleh İsgəndərli alovlandırıb. Şagirdlər ocaq ətrafında yallı gediblər.

Qeyd edək ki, hazırda Laçın rayonunun Zabux kəndində 211 ailə olmaqla, 808 nəfərin məskunlaşması təmin olunub. Kənd məktəbində 60-dan çox şagird təhsil alır.

***

Füzuli şəhərində Torpaq çərşənbəsi ilə bağlı tonqal qalanıb. Pəhləvanların və kəndirbazın çıxışları maraqla qarşılanıb. Qədim məişət əşyaları, kilim, xalça və digər sənət nümunələri sərgilənib. Milli geyimdə olan gənclər “Cəngi” sədaları ilə Qarabağ atları belində Azərbaycan bayrağını dalğalandıraraq meydana gəliblər. Kosa və Keçəlin duzlu-məzəli söhbətləri insanların gülüşünə səbəb olub.

Çıxışlarda düşmən tapdağından azad olunan rayonlarda aparılan tikinti-quruculuq işlərindən danışılıb. Bayram şənliyi incəsənət ustalarının konsert proqramı ilə davam edib.

***

Mirzə Uluqbəy adına Füzuli şəhər tam orta məktəbində Novruz şənliyi təşkil olunub. Şənlikdə məktəbin kollektivi ilə bərabər, valideynlər, qazilər də iştirak ediblər. Məktəbin həyətində açılan sərgilərdə baharın gəlişini bildirən atributlar yer alıb. Həmçinin bir çox milli adətlərimizi əks etdirən əşyalar nümayiş olunub, süfrələr şəkərbura, paxlava, qoğal və digər şirniyyatlarla bəzədilib, Qarabağ çeşniləri ilə toxunmuş xalçalar təqdim edilib. Qədim toxuculuq alətləri, səhəng, nehrə və digər məişət əşyaları şagirdlərin maraqlarına səbəb olub. 

Novruzun rəmzləri olan Keçəl və Kosa şənliyə gələrək uşaqlarla maraqlı oyunlar oynayıb, duzlu-məzəli zarafatları ilə tədbirə rəng qatıb. Uşaqlar yumurta döyüşdürüb, milli geyimlərdə rəqs ediblər. 

Daha sonra tonqal qalanıb, uşaqlar tonqal ətrafında yallı gediblər.

***

Novruz bayramı münasibətilə Beyləqandakı Xocavənd qəsəbəsində keçirilən ümumrayon tədbirində Xocavənd Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, idarə-müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyəti iştirak edib. 

Novruz atributları ilə bəzədilən parkda təşkil edilən şənlikdə təhsil və mədəniyyət müəssisələrinin kollektivləri tərəfindən müxtəlif milli oyun və folklor nümunələri nümayiş olunub. Novruz şənliyində sərgilənən çoxəsrlik maddi-mədəni irsimizi, qədim milli adət-ənənələrimizi özündə əks etdirən eksponatlar və milli geyimlər rayon ictimaiyyətinin və qonaqların böyük marağına səbəb olub. Yeniyetmə və gənc idmançılar müxtəlif idman nümunələri ilə çıxış ediblər. Novruzun əsas personajları olan Kosa və Keçəlin zarafatları, uşaq bağçalarının fidanları tərəfindən təqdim olunan bayram səhnəcikləri, eləcə də baharı, Azərbaycanı tərənnüm edən mahnılar sakinlərdə xoş ovqat yaradıb. 

***

Quzanlı qəsəbəsində keçirilən bayram tədbirində rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, idarə və müəssisələrin kollektivləri, mədəniyyət işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər.

Novruz şənliyində bayram tonqalı qalanıb, milli mətbəx nümunələri, qədim xalq oyunları, kitablardan, muzey eksponatlarından və rəsm əsərlərindən ibarət sərgilər nümayiş olunub, idmançılar məharətlərini göstəriblər. Tədbir keçirilən məkana Qarabağ atlarının gəlişi xüsusi maraqla qarşılanıb.

Qarabağ Muğam Mərkəzində davam edən tədbirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Çıxış edənlər bayram münasibətilə ağdamlıları təbrik edərək ruzi-bərəkət və firəvanlıq arzulayıblar. Bildirilib ki, artıq dördüncü ildir xalqımız Novruz bayramını daha böyük coşqu ilə, yüksək əhvalla qeyd edir. 30 il işğal altında olan dədə-baba yurdlarımızda indi bayram tonqalları qalanır.

Bayram tədbirində Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Xalq artisti Nəzakət Teymurovanın, Əməkdar artistlər Fehruz Səxavətin və Səbuhi İbayevin, “Nənə qızlar” folklor ansamblının ifasında rəngarəng musiqi nömrələri təqdim edilib. Bayramın personajları hesab olunan Bahar qız, Kosa və Keçəlin çıxışları tədbirə xoş ovqat qatıb.

Tədbirin sonunda Prezident İlham Əliyevin sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmiş Arzu Rəhimovaya və Hafiz Əzimzadəyə medallar təqdim olunub.

***

Zəngilan rayonunun Ağalı kəndində də Novruz bayramı münasibətilə bayram tədbiri təşkil olunub.

İlaxır çərşənbədə bayram tonqalı qalanıb və musiqiçilərin iştirakı ilə konsert keçirilib.

Hazırladı: N.Məmmədli