Milli-mənəvi irsimizin qədim yaddaşı və zəngin saxlancı olan Novruz bayramı martın 20-də torpağımıza qədəm qoyur. Azərbaycan xalqı əsrlərdən bu yana baharın gəlişini sevinclə, təmtəraqla qarşılayıb, Novruzu xoş ovqatlı nəğmələr, arzu-diləkli bayatılar, yaradılışın ilkin atributları – su, od, yel və torpağı təcəssüm etdirən ayin və mərasimlərlə bəzəyib.
Novruz hər zaman bərəkət və firavanlığın rəmzi kimi bayram edilib. Novruz – həyatın yenilənməsi, təbiətin dirçəlişi, ruhumuzun bayramıdır.
Artıq dördüncü ildir bu bayramı şanlı Zəfərin tariximizə bəxş etdiyi əbədi bahar havasında və üstəlik, bu il həm də Azərbaycanın bütün ərazisində suverenliyinin bərpasının qüruru içində qeyd edirik.
Bu qalibiyyəti və milli məğrurluğu bizə yaşadanlara bir daha alqış deyir, Vətən uğrunda canından keçən qəhrəmanları bir daha rəhmətlə anırıq.
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa bayram təbrikində də vurğulandığı kimi, 2024-cü ilin Novruzu ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş ölkəmizin həyatında, ümumən tariximizdə yeni mərhələnin başlanğıcına təsadüf edir.
İşğaldan azad olunmuş yurd yerlərimizdə geniş quruculuq işləri gedir. İnanırıq ki, bu baharın qurub-yaratmaq əzmi ilə torpaqlarımızın dirçəlişi, Böyük Qayıdış daha da sürətlənəcək.
Qəlbləri nurla dolduran Novruz bayramı hər evə, ocağa sevinc, bərəkət, firavanlıq gətirsin.
Bayramımız mübarək!
Vüqar Orxan