"Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən "Qədim Şabran" abidəsində Novruz şənliyi təşkil olunub.
Azərbaycan xalqının milli-mənəvi, maddi və mədəni dəyərlərini gənc nəslə daha yaxından tanıtmaq və təbliğ etmək məqsədilə təşkil olunan tədbirdə Şabran şəhər məktəblərinin müəllim və şagird kollektivi, həmçinin müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən qoruq rəhbərliyi tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. O, Novruz bayramının ən qədim bayramlardan biri olduğunu, həmçinin xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, xoşbəxtliyi, bolluğu əks etdirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Novruz yeni gün, yeni həyat mənasını daşıyır.
Sonda qoruğun rəhbərliyi bayram tonqalını alovlandırıb.
Məktəblilərin Novruz bayramı münasibətilə həvəslə qurduqları “Hakışda”, “Kos-kosa” və digər bu kimi Novruzla bağlı səhnəciklər tədbirə xoş ab-hava bəxş edib.
Şagirdlərin ifa etdikləri şeir və rəqslər, nümunəvi çıxışlar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Tədbirdə nümunəvi çıxışlara görə məktəblilərə müxtəlif hədiyyələr təqdim olunub.
Sonda tədbir çay süfrəsi, musiqili və əyləncəli rəqslərlə davam etdirilib.