“Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda “Bahar ənənələri” adlı Novruz tədbiri keçirilib.
Tədbir qoruğun, Ağsu rayon Gəgəli bələdiyyəsi və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi Ağsu rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı, “Alaca” milli geyim evi və Ağsu rayon Uşaq-gənclər idman-şahmat məktəbinin dəstəyi ilə 18 mart tarixində gerçəkləşib.
Ağsu qoruğunun direktoru Şölə Bayramova tədbir haqqında məlumat verib, bildirib ki, tədbir çərçivəsində milli-mənəvi dəyərlərimizi və milli adətlərimizi əks etdirən eksponatlar nümayiş olunacaq.
Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin əməkdaşı Kənan Tacızadə və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev çıxış ediblər. Ağsu rayonu Zahid Hüseynov adına Ülgüc kənd tam orta məktəbinin şagirdləri qarmonda və solo ifaları təqdim ediblər. Tədbirdə rayon məktəbliləri tərəfindən səhnəciklər nümayiş olunub, şeir və haxıştalar söylənilib, musiqi və rəqslər ifa edilib.
Tədbir çərçivəsində tərəkəmə çadırları qurulub, “Alaca” milli geyim evinin nümunələri təqdim olunub.