Novruz bayramı münasibətilə Şəki-Zaqatala RMİ-nin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyəti və "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun dəstəyi ilə konsert proqramı keçirilib.
Mədəniyyət işçilərinin hazırladığı konsert proqramında musiqi nömrələri ifa olunub, rəqslər nümayiş etdirilib.
Novruzun simaları olan Bahar qızı, Kosa və Keçəl öz kompozisiyaları ilə tamaşaçılara xoş anlar bəxş ediblər.
***
Balakən rayon Mədəniyyət Mərkəzində bayram münasibətilə ümumrayon tədbiri keçirilib.
Tədbir mərkəzin qarşısındakı meydanda bayram tonqalının alovlandırılması ilə başlanıb.
Rayon rəhbərliyi və qonaqlar əvvəlcə mərkəzin foyesində xalqımızın milli adət-ənənələrini özündə əks etdirən sərgilərlə tanış olub, el sənətkarlarının əl işlərinə baxıblar.
Balakənin icra başçısı İslam Rzayev sakinləri bayram münasibətilə təbrik edib, qədim adət-ənənələrimizdən olan Novruzun xalqımız tərəfindən həmişə böyük sevinc və coşqu ilə qarşılandığını bildirib, bu bayramın yüksək səviyyədə keçirilməsində Ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb. Diqqətə çatdırılıb ki, balakənlilər bu il Novruz tonqalının Prezident İlham Əliyev tərəfindən Xankəndi şəhərində alovlandırılmasından böyük qürur hissi keçiriblər.
Bayram şənliyi rayonun bədii özfəaliyyət, rəqs və folklor kollektivləri tərəfindən rəngarəng konsert proqramı ilə davam edib.
Hazırladı: N.Məmmədli