Sabirabad rayonundakı N saylı hərbi hissədə Novruz şənliyi təşkil olunub.

Tədbir Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsi (RMİ), Regional Təhsil İdarəsi və Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Çıxış edənlər Novruz bayramı münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edib, onlara çətin və şərəfli xidmətdə - Vətənin müdafiəsində uğurlar arzulayıblar.

Çıxışlardan sonra hərbçilərə bayram sovqatı təqdim olunub. Tədbir rəngarəng konsert proqramı ilə davam edib.

N saylı hərbi hissədə gerçəkləşən Novruz şənliyindən sonra Mil-Muğan RMİ-nin əməkdaşları və mədəniyyət işçiləri Sabirabad rayon Əhmədabad kənd Folklor evinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində iştirak ediblər.

Tədbirdə Əhmədabad kənd Folklor evinin Axıska halay-türk folklor rəqs kollektivi tərəfindən milli rəqs nümunələri nümayiş etdirilib. Eyni zamanda məktəblilərin ifasında bayram əhvallı şeirlər səsləndirilib.

***

İmişli Rayon İcra Hakimiyyəti və rayon üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Novruz şənliyi keçirilib.

İmişli rayon Heydər Əliyev adına istirahət parkında gerçəkləşən tədbirdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanları, idarə və müəssisələrin rəhbər və əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Bayramla əlaqədar bəzədilmiş parkda Novruz atributları, xalçalar, əl işlərindən ibarət sərgilərə baxış olub.

Rayonun mədəniyyət və incəsənət nümayəndələrinin ifasında bayram ab-havalı musiqi və rəqs nömrələri, Bahar qızının bayram təbriki, Kosa və Keçəlin çıxışı, folklor nümunələrindən ibarət səhnəciklərin nümayişi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

***

Saatlı Rayon İcra Hakimiyyəti və rayondakı mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə şənlik keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, şəhid ailələrinin üzvləri, qazilər, idarə və müəssisələrin rəhbər və əməkdaşları, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin sərgi-satış yarmarkasına, rayon Tarix-Diyarşünaslıq Muzeyinin və Dövlət Rəsm Qalereyasının sərgisinə baxış olub.

Milli geyimli oğlan və qızların rəqsləri, maraqlı musiqi nömrələri tədbirə xüsusi rəng qatıb.

Kosa və Keçəl şən zarafatları ilə xoş ovqat yaradıb. Tədbirdə milli adət-ənənələrimizi əks etdirən səhnəciklər göstərilib, idmançıların nümunəvi çıxışları maraqla qarşılanıb.

Bayram tədbiri konsert proqramı və rəqs nümunələri ilə davam edib.

Hazırladı: N.Məmmədli