Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin (RMİ) rəisi Bəxtiyar Qılıncov və idarənin əməkdaşları Novruz bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər.
İdarə rəisi şəhid ailələrini bayram münasibətilə təbrik edib, onların qayğıları ilə maraqlanıb.
Ziyarət zamanı ölkəmizin ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda və xidməti vəzifələrinin icrası zamanı canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi yad edilib. Həmçinin şəhid ailələrinin və müharibə əlillərinin sosial təminatı məsələlərinin dövlət siyasətinin əsas istiqamətlərindən olduğu xüsusi vurğulanıb.
Şəhidlərin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
***
Oqtay Kazımi adına Astara şəhər Uşaq musiqi məktəbində "Xoş gəldin, Novruzum!" adlı tədbir təşkil edilib.
Məktəbin həyətində keçirilən tədbirdə bayram tonqalı yandırılıb.
Kosa, Keçəl və Bahar qızının tədbirə gəlişi şənliyi daha da rəngarəng edib.
Tədbirdə şagirdlərin ifasında baharı tərənnüm edən rəqslər, mahnılar ifa olunub, şeirlər səsləndirilib.
***
Masallı Dövlət Rəsm Qalereyası və rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Yaz gəlir” adlı bayram tədbiri keçirilib.
Çıxışlarda Novruz adətlərindən, nümayiş olunan oyunlar, tamaşalar, səsləndirilən nəğmələr, inanc və mərasimlərdən söhbət açılıb.
Muzey əməkdaşları bayram günlərində adətlərə görə icra edilən bir neçə mərasim və inancları tədbir iştirakçıları ilə birgə nümayiş etdiriblər.
Tədbirdə məktəblilər Novruz atributlarını əks etdirən rəsm tabloları çəkiblər.
***
Novruz bayramı münasibətilə Cəlilabad rayon Mədəniyyət Mərkəzi, Alar və Qarazəncir kənd Mədəniyyət evinin birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə konsert proqramı keçirilib.
Əvvəlcə Lənkəran-Astara RMİ-nin Cəlilabad rayonu üzrə əməkdaşlarından Elnur Atakişiyev çıxış edərək hərbçiləri bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.
Konsertdə hərbi vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.
Hazırladı: N.Məmmədli