ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, tədbirdə soydaşlarımızla yanaşı, Nyu-Yorkda yaşayan özbək, tacik, Pakistan, İran, yəhudi, Ukrayna, Belarus, Latın Amerikası və digər icmalardan olan ailələr də iştirak ediblər.
Mərkəzin rəhbəri Alyona Bədəlova Novruz bayramının 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edildiyini diqqətə çatdırıb, Azərbaycanda Novruzun dövlət səviyyəsində geniş şəkildə qeyd olunmasından, ölkəmizin bayram adət-ənənələrindən söz açıb.
“My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində fəaliyyət göstərən rəqs ansamblı “Novruz” və “İgidlər” rəqsini, tədbirdə qonaq qismində qatılan “Bahar” ansamblı isə “Tehran” və “Golhə” rəqslərini ifa ediblər.
Daha sonra azərbaycanlı rəssam-heykəltaraş Emin Quliyevin “Buta” layihəsi nümayiş olunub. Gənc rəssama bu il martın 6-da Bakıda baş tutmuş “Mənim yolum yaşıl yoldur” sərgisində layiq görüldüyü diplom və hədiyyələr təqdim edilib.
Tədbirdə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yegana Salman və həyat yoldaşı - İsrail Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, şair Mixail Salman, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova və “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli də iştirak edib.
Bayram şənliyi valideynlərin, uşaqların və qonaqların böyük həvəslə qoşulduqları “Yallı” milli rəqsi ilə başa çatıb.