Azərbaycan əsilli rusiyalı sahibkar Araz Ağalarovun təsis etdiyi Müslüm Maqomayev adına Mədəni-Musiqi İrs Fondu "Crocus City Hall"da baş vermiş terror aktı nəticəsində zərərçəkənlərə yardım göstərilməsində iştirak edəcək.
Bu barədə “Krokus” Şirkətlər Qrupunun keçmiş birinci vitse-prezidenti, Azərbaycanın Xalq artisti, bəstəkar, müğənni Emin Ağalarov məlumat verib.
O qeyd edib ki, Araz Ağalarov “Crocus City Holl"un bərpası ilə bağlı qərarı ölkənin ümumi rəyi əsasında verəcək.
E.Ağalarov binanın bərpa olunacağı təqdirdə yeni zalda terror aktı zamanı həlak olanların xatirəsinə abidə ucaldılacağına da aydınlıq gətirib: “Təbii ki, biz bütün bunları nəzərdən keçiririk. Ancaq indi, hazırda bir az fərqli prioritetlərimiz var. Biz zərərçəkənlərə maksimum yardım göstərmək, Müslüm Maqomayev Fondunu bu işə cəlb etmək və xilasedicilərə dağıntıları təmizləməkdə kömək etmək istəyirik. Hələlik ilk planlarımız bunlardır”.