Norveçin paytaxtı Osloda “Zəfərin ilk baharı” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Muğam Mərkəzi (BMM), Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO), Nizami Gəncəvi adına “Azərbaycan dili” həftəsonu məktəbi və Oslo Azərbaycan Evinin dəstəyi ilə keçirilən tədbirdə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Norveç üzrə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru Ramil Əliyev qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə və 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoyulub və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyi tam bərpa olunub. “Bu bahar Zəfərimizin ilk baharı olduğu üçün, eləcə də tarixi ədalətin bərqərar olduğunu nəzərə alaraq keçirilən “Zəfərin ilk baharı” adlı tədbir Norveçdə yaşayan azərbaycanlıların, cəmiyyətimizin dostlarının bir araya gəlməsinə, dostluq və həmrəyliyimizin möhkəmlənməsinə xidmət edəcək”, – deyə Ramil Əliyev bildirib.
Daha sonra Nizami Gəncəvi adına “Azərbaycan dili” həftəsonu məktəbinin şagird və valideynləri Vətən, Novruz bayramına həsr edilmiş şeirlər səsləndirib, Novruzun rəmzi olan Bahar qızı tədbir iştirakçılarının bayramını təbrik edib, Kosa və Keçəlin gəlişi isə tədbirə xüsusi rəng qatıb.
Tədbir çərçivəsində Novruz bayramı və baharın gəlişinə həsr edilmiş, milli adət-ənənələrimizi nümayiş etdirən və mədəniyyətimizi təbliğ edən sərgi nümayiş olunub.
Həmçinin tədbirdə NAYO və Oslo Azərbaycan Evinin dəstəyi ilə Nizami Gəncəvi adına “Azərbaycan dili” həftəsonu məktəbinin şagirdi Səlim Abbaszadənin müəllifi olduğu və Azərbaycan tarixini, Qarabağ münaqişəsini və qazandığımız parlaq Zəfəri işıqlandıran, Norveç və ingilis dillərinə tərcümə olunmuş “Sən elə bir zirvəsən” kitabı da təqdim edilib.
Eyni zamanda BMM ilə Oslo Azərbaycan Evi arasında memorandum imzalanıb. BMM-in direktoru Sahib Paşazadə bildirib ki, bu memorandum muğamımızın Skandinaviya ölkələrində geniş təbliği və gələcəkdə bir sıra maraqlı layihələrin həyata keçirilməsinə yeni imkanlar yaradacaq.
“Zəfərin ilk baharı” adlı konsertdə BMM-in solistləri, tanınmış xanəndələr Mirələm Mirələmov və Kamilə Nəbiyevanın ifaları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.