Olaylar, faktlar (23 – 30 mart)

 

168 il əvvəl...

 

30 mart 1856-cı ildə Krım müharibəsinin (1853–1856) yekunlarına dair Parisdə Fransa, Prussiya, Britaniya, Türkiyə və Rusiya arasında sülh müqaviləsi imzalanıb. Müharibə nəticəsində Osmanlı və Rusiya Qara dənizdə hərbi donanma imkanlarını xeyli itirib. Osmanlı imperiyasının tərkibində Moldaviya, Valaxiya muxtariyyət alıb.

 

157 il əvvəl...

 

30 mart 1867-ci ildə Rusiya Alyaskanı ABŞ-yə satıb. Rusiya imperiyasına daxil olan Alyaska yarımadası, habelə Aleut adaları və bir sıra kiçik adalar (ümumi sahəsi 1,5 milyon kvadrat kilometr) 7,2 milyon dollar (qızılla) müqabilində ABŞ-yə verilib.

 

106 il əvvəl...

 

30 mart 1918-ci ildə Bakıda erməni-daşnak və bolşevik dəstələrinin azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınları başlayıb. Ermənilər qırğına əvvəlcədən hazırlaşmışdılar. Türkiyə cəbhəsindən geri dönən rus əsgərlər S.Şaumyanın başçılıq etdiyi “Bakı Soveti”nin sərəncamında idilər. Dünya müharibəsindən qayıdan azərbaycanlıların əksəriyyəti isə Bakı yaxınlığında tərk-silah edilmişdi.

 

81 il əvvəl...

 

23 mart 1943-cü ildə alman faşistləri Belarusun Xatın kəndində qətliam törədiblər. Kənd əksəriyyəti qoca, qadın və uşaqlardan ibarət əhalisi ilə birlikdə yandırılıb, 149 nəfər, o cümlədən 75 uşaq qətlə yetirilib.

 

79 il əvvəl...

 

27 mart 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası fəaliyyətə başlayıb. Akademiya SSRİ Xalq Komissarları Sovetinin 23 yanvar 1945-ci il tarixli qərarı ilə SSRİ EA-nın Azərbaycan Filialının bazasında təşkil olunmuşdu. SSRİ-nin müsəlman respublikaları arasında ilk EA Azərbaycanda yaranmışdı. 27 mart Azərbaycanda “Elm günü” kimi qeyd edilir.

 

77 il əvvəl...

 

23 mart 1947-ci ildə Britaniyanın Hindistan üzərində müstəmləkəsi dağılandan sonra Pakistan da müstəqilliyini elan edib. 1956-cı ildən Pakistan İslam Respublikası adlanır. Hindistanla Pakistanın ayrılması münaqişəsiz ötüşmədi, 1965 və 1971-ci illərdə iki ölkə arasında müharibə baş verdi. Münaqişəli Kəşmir məsələsi indiyədək həll edilməyib.

 

53 il əvvəl...

 

26 mart 1971-ci ildə Banqladeş Pakistandan ayrılıb. Britaniyanın müstəmləkəsi olan Banqladeş 1947-ci ildə Pakistan müstəqillik qazanarkən bu dövlətin tərkibində əyalət (Şərqi Benqaliya) idi. 1971-ci ildə referendum nəticəsində Pakistandan ayrılaraq müstəqil dövlət oldu.

 

45 il əvvəl...

 

26 mart 1979-cu ildə Vaşinqtonda (Kemp-Devid iqamətgahı) ABŞ-nin vasitəçiliyi ilə ilyarım sürən İsrail-Misir danışıqları sülh müqaviləsi ilə yekunlaşıb. İsrailin Baş naziri Menahem Beqin və Misir Prezidenti Ənvər Sədatın imzaladığı müqaviləyə (“torpaq əvəzinə sülh”) əsasən, İsrail işğal etdiyi Sinay yarımadasından çəkildi, Misir də onun suverenliyini qeyd-şərtsiz tanıdı.

 

35 il əvvəl...

 

26 mart 1989-cu ildə SSRİ-də alternativlik şəraitində ilk seçki keçirilib. SSRİ Xalq Deputatları Qurultayının 2250 deputat (ərazi, milli-ərazi seçki dairələri və ictimai təşkilatlar üzrə 750 nəfər kvota) yeri uğrunda 10 min namizəd mübarizə aparıb.

 

34 il əvvəl...

 

24 mart 1990-cı ildə Azərbaycanın Qazax rayonunun Ermənistanla həmsərhəd kəndləri Ermənistan silahlı dəstələrinin hücumuna məruz qalıb. Bağanis Ayrım kəndində yeddi dinc sakin qətlə yetirilib. Həmin günlərdə rayonun Yuxarı Əskipara, Aşağı Əskipara, Məzəm kəndlərində onlarla sakin öldürülüb və yaralanıb.

Hazırladı: V.Orxan