Danimarkanın keçmiş baş naziri, habelə NATO-nun keçmiş baş katibi olmuş Anders Foq Rasmussenin rəhbərlik etdiyi “Ermənistanın dostları şəbəkəsi” adlı qrup tərəfindən hazırlanmış hesabatda yer alan Azərbaycan əleyhinə əsassız iddiaları qətiyyətlə pisləyir və rədd edirik.
Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin Anders Foq Rasmussenin rəhbərlik etdiyi qrupun hesabatına dair şərhində yer alıb.
Qeyd edək ki, 2024-cü il 21 mart tarixli hesabat “Avropa İttifaqı-Ermənistan münasibətlərinin dərinləşməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan” adlanır.
A.Hacızadə qeyd edib ki, hesabatda bütün faktların təhrif olunduğu, böhtan xarakterli və tamamilə əsassız müddəalar Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir. Bu müddəalar Ermənistanla Avropa İttifaqı arasında münasibətlərin dərinləşdirilməsinə yönəldiyi iddia olunan sözügedən hesabatla bağlı ciddi suallar doğurur. Əslində, bu, absurd təbliğatdan başqa bir şey deyil.
Bundan əlavə, hesabatın ermənipərəst hekayələrin təbliğatı məqsədilə Ermənistan hökuməti ilə gəlirli sövdələşməyə uyğun olaraq hərəkət edən sözügedən erməni lobbi qrupu tərəfindən aprelin 5-də keçiriləcək ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli konfransı ərəfəsində ictimaiyyətə açıqlanması sözügedən hesabatın və onu imzalayan sabiq rəsmilərin əsl niyyətlərini üzə çıxarır. Açıq mənbələrdən əldə edilən maliyyə sənədləri sübut edir ki, Anders Rasmussen öz lobbi şirkəti “RasmussenGlobal”ı tanıtmaq və şübhəli lobbiçilik və təsir xidmətləri göstərmək üçün NATO-nun keçmiş baş katibi statusundan sui-istifadəyə davam edir. Ermənistan hökuməti onun müştərisi kimi “çox düşünülmədən təsdiqlənmiş” bu hesabata görə yüz minlərlə dollar xərcləyib.
“Maraqlıdır ki, Azərbaycanın Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhdid törətməkdə ittiham olunduğu bu hesabatın həmmüəlliflərindən bəziləri böyük şövqlə müdafiə etdikləri Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən işğal və etnik təmizləmənin birbaşa şahidi olublar.
Ermənistan hökumətinin maliyyələşdirdiyi təbliğat kampaniyaları Ermənistan tərəfinin regional sülh gündəmi ilə bağlı səmimi olmadığını bir daha nümayiş etdirir. Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi Avropa təsisatları da daxil olmaqla, müəyyən dardüşüncəli siyasətçilər vasitəsilə bahalı və mənasız böhtan kampaniyalarının aparılması regional sabitliyə və sülh quruculuğu səylərinə xidmət etmir”, – deyə XİN rəsmisi vurğulayıb.