Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində ölkəmizi təmsil edən oyun tərtibatçıları ABŞ-də keçirilmiş Oyun Tərtibatçıları Konfransında iştirak etmək hüququ qazanıblar.
Konfransda təmsilçilərimizə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi “Roadshow” layihəsi çərçivəsində dəstək göstərilib.
Oyun sənayesi sahəsinin mədəniyyət və yaradıcı sənayelərin önəmli klasterlərindən olduğu nəzərə alınaraq, eyni zamanda “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın müvafiq bəndinin icrası ilə əlaqədar Mədəniyyət Nazirliyi də sözügedən tədbirdə təmsil olunub.
Mart ayında San-Fransisko şəhərində keçirilən konfransda (Game Developers Conference) ölkəmizdən 4 oyun studiyası (“Dynamic Box”, “Cool Bears”, “Darts Games”, “AzDimension”) və 1 oyun inkubasiya mərkəzi (“Gamepons”) iştirak edib.
“Gametech” Azərbaycanda yeni investisiyaları cəlb etməyə, hekayələr, qrafik dizayn və animasiya kimi sahələrdə çalışan mütəxəssislərin təkmilləşməsinə, mədəni irsin tanıdılmasına və qeyri-neft sektorunun şaxələndirilməsinə təkan verir.