Martın 28-də “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “Gənc avaz” adlı layihənin ilk konserti keçirilib.
Konserti mədəniyyət nazirinin müavinləri Səadət Yusifova və Fərid Cəfərov da izləyiblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri Ülviyyə Bəbirli çıxış edərək bildirib ki, silsilə şəklində keçirilməsi nəzərdə tutulan layihənin məqsədi yaradıcı gənclərə dəstək olmaqdır. İctimai birlik tək musiqi sahəsində deyil, eyni zamanda rəsm, dizayn və incəsənətin digər sahələrində də öz yaradıcılıq imkanlarını inkişaf etdirmək istəyən gənclərə dəstək verir.
Daha sonra konsert proqramı təqdim olunub. Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin tələbələri olan mədəniyyət könüllüləri bir-birindən maraqlı musiqi nömrələri təqdim ediblər.
Musiqi axşamının sonunda bütün iştirakçılar diplomlarla, müəllim və tədris ocaqları isə təşəkkürnamələrlə təltif olunublar.