Dahi vokalçı ilə böyük ədibin dostluğu və qonşuluğu

 

Xəbər verdiyimiz kimi, Bülbülün Memorial Muzeyində “Bülbülün qonaqları” adlı layihə həyata keçirilir.

Layihə üzrə ilk tədbir dahi müğənni Bülbülün sənət dostu, onun evində dəfələrlə qonaq olmuş görkəmli bəstəkar, Xalq artisti Süleyman Ələsgərovun (1924–2000) 100 illiyinə həsr edilmişdi.

Martın 29-da keçirilən növbəti tədbir Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi, görkəmli, şair-publisist Məmməd Səid Ordubadiyə (1872–1950) həsr olunmuşdu.

Muzeyin direktoru Fərqanə Cabbarova giriş sözündə vaxtilə bir binada qonşu olan iki böyük şəxsiyyətin dostluq münasibətindən və yaradıcılıq sahəsində əməkdaşlığından danışdı.

Muzeyin əməkdaşı Mehriban Qasımova və Əməkdar mədəniyyət işçisi Lalə Abaszadə M.S.Ordubadinin zəngin yaradıcılığından söz açdılar.

Bədii hissədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Fatimə Cəfərzadə, Taleh Yəhyayev, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorları Səmədzadə Xasıyev, Mehriban Zalıyeva və Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdi Sevil Abdullayeva çıxış etdilər.

Proqramda Ordubadinin libretto müəllifi olduğu Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Nigarın ariyası, Həsən xanın ariyası, Səid Rüstəmovun “Beşmanatlıq gəlin” operettası və Fikrət Əmirovun “Gülərəm gülsən” (sözləri M.S.Ordubadinin) romansı ifa olundu.

Tədbir zamanı həmçinin Bülbülün ifasında Ü.Hacıbəylinin “Koroğlu” operasından Koroğlunun ariyasının videoyazısı nümayiş etdirildi.

Sonda xatirə şəkilləri çəkdirildi.

Nurəddin