Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə “Yaz paralelləri: Azərbaycan-Bolqarıstan” rəsm və kompozisiyalar sərgisinin açılışı olub.
Mərkəzdən bildirilib ki, Sofiya Universitetinin mərkəzi foyesində təşkil olunan sərgi yaz fəslinə, güllərə, Novruz bayramına və bolqarların Baba Marta bayramına həsr edilib. Milli Azərbaycan Tarixi Muzeyinin dəstəyilə reallaşan sərgidə xarıbülbülü və nar çiçəyini çəkən, Novruz və Baba Martaya aid kompozisiyalarını yaradan 124 bolqar uşaq və tələbənin əsərləri, o cümlədən Azərbaycandan 18 uşağın bolqar qızılgülünə həsr edilmiş rəsmləri nümayiş olunub.
Tədbiri açan Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri Sofiya Şıqayeva-Mitreska baharın gözəl fəsil olduğunu və hər bir xalqın yazın gəlişini özünəməxsus tərzdə qeyd etdiyini vurğulayıb. O, Azərbaycan xalqının ən sevimli bayramlarından olan Novruzun və bolqarların Baba Marta bayramının adətlərindən danışıb.
Türkologiya və altayşünaslıq kafedrasının müdiri professor İrina Sarıvanova baharın dünyanın hər yerində qeyd edildiyini və bu sərginin yazı qarşılamaq üçün yaxşı fürsət olduğunu vurğulayıb. O, 11 il ərzində mərkəz tərəfindən Bolqarıstanda Azərbaycan adət-ənənələrinin təbliği ilə bağlı müxtəlif mədəni tədbirlər keçirildiyini və Novruz bayramının onların arasında ən populyar və gözəl bayram olduğunu qeyd edib.
Sonra uşaqlara təşəkkürnamələr təqdim edilib və “Xarıbülbül” adlı ustad dərsi keçirilib. Ustad dərsində uşaqlar xarıbülbül çiçəyi formasında kompozisiya düzəldilmə qaydasını öyrəniblər.
Həmçinin ənənəvi olaraq bu il də Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin və Sofiya Şəhər Bələdiyyəsinin “Lülin” Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Novruz bayramına və bolqarların Blaqoveştenie bayramına (Müjdə bayramı) həsr edilmiş tədbir keçirilib. Tədbirdə Novruz bayramı haqqında təqdimat olub. Tələbələr - Saşa Zdravkova, Katrin Nikova, Nikol Georgiyeva və Kaloyan İvanov Nizami Gəncəvinin, Abbas Səhhətin, Nəsiminin Azərbaycan və bolqar dillərində şeirlərini söyləyib və milli rəqslərimizi təqdim ediblər.